Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Ucar rayonunun Təhsil işçilərinin konfransı keçirilmişdir

08 sentyabr 2016 | 16:00

Konfransda rayonda nüfuz sahibi olan veteran təhsil işçiləri, rayon təhsili ilə bağlı olan idarə və müəssisə rəhbərləri, rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, qeyr-hökumət təşkilatlarının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonun ümumtəhsil məktəblərinin bir qrup müəllimləri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri qoydular.

Konfransın aparıcısı şəhər 3 saylı tam orta məktəbin 10 sinif şagirdi, məktəbin “Kiçik Akademiyası”nın  prezidenti Məleykə Bədəlova tədbir iştirakçılarını salamlayaraq konfransı açıq elan etdi. (Himn səsləndirildi)

Rayon məktəbliləri konfrans iştirakçılarını şeir çələngi ilə təbrik etdilər.

Rayon Təhsil şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən İlham Babayev çıxış edərək əvvəlcə qonaqları salamladı, sonra “2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” barədə məruzə etdi.

O nitqində xüsusilə keçən ildəkindən fərqli olaraq qəbul imtahanlarında məzunlarımızdan 11 nəfərinin 600-dən yuxarı, 25 nəfərin isə 500-600 arasında bal toplamaları həm müəllimlərin, həm valideynlərin, həm də bizim sevincimizə səbəb olmasını vurğulamaqla yanaşı işdə olan nöqsanlar təhlil olundu.

Şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Dilşad Əliyeva, şəhər 3 nömrəli tam orta məktəbin direktoru Vüqar Məlikov, bu il 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması fakultəsinə daxil olan şəhər 2 nömrəli tam orta məktəbin məzunu Ramin Hüseynov, müəllimlərin işə qəbulunda yüksək  nəticə göstərərək şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi təyin edilmiş Elnarə Cəbrayılova, Respublika Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin sektor müdiri Almaz Əsgərova,  rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov tədbir iştirakçılarını salamlayaraq yeni dərs ili münasibətilə təhsil işçilərini təbrik etdilər, onlara işlərində uğurlar və rayon təhsilinin həmişə birincilər sırasında olması üçün bütün qüvvələrini səfərbər etmələrini arzuladılar.

1 qrup qabaqcıl müəllim rayon Təhsil şöbəsinin Fəxri fərmanı ilə təltif olundu.

 

Keçidlər