Şriftin ölçüsü :

Saytın rəngi :

7 aprel – 10 may 2018-ci il tarixlərdə ümumtəhsil məktəbləri arasında futbol üzrə rayon çempionatı keçirilib

10 may 2018 | 16:00

Ümumtəhsil məktəbləri arasında futbol üzrə rayon çempionatı keçirildi

27 aprel – 10 may 2018-ci il tarixlərdə Ucar rayon Gənclər və İdman idarəsi tərəfindən “Ümummilli lider Heydər Əliyevin 95 illiyi”nə həsr olunmuş ümumtəhsil məktəbləri arasında futbol üzrə rayon çempionatı keçirildi. Çempionatda 32 məktəbin komandası və 512 nəfər məktəbli iştirak etdi.

Futbol üzrə məktəblilərin rayon çempionatı “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üzrə Milli Strategiya” nın (2009-2020-ci illər) müvafiq bəndlərinə əsasən həyata keçirildi.

Çempionatın əsas məqsədi rayonda futbolun kütləviliyinə nail olmaq, yeniyetmə və gənc futbolçuların ustalıqlarını artırmaq, onların fiziki sağlamlıqlarını möhkəmləndirmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək və məktəblilər arasında futbol üzrə rayon çempionatının qalibini müəyyən etmək idi.

Çempionat iki mərhələdə (zona mərhələsi və final mərhələsi) keçirildi. A zonası üzrə oyunlar Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbində, B zonasının oyunları Alpı kənd tam orta məktəbində, C zonası üzrə oyunlar Qazyan kənd 1 nömrəli tam orta məktəbində, D zonasının oyunları isə Qarabörk kənd tam orta məktəbin stadionunda keçirildi. Oyunların baş hakimi Gənclər və İdman idarəsinin baş məsləhətçisi Zaur Abdullayev oldu.

Zonalarda bütün oyunlarda qalib gəlmiş komandalar yarımfinala vəsiqə qazandı. Yarımfinal, 3-cü yer və final oyunları 10 may 2018-ci il tarixdə Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin stadionunda keçirildi. Final oyununda Qaradağlı və Rəstəcə kənd məktəblərinin komandaları qarşılaşdı. Gərgin mübarizə şəraitində keçən oyunda 3:1 hesabı ilə Rəstəcə komandası qalib gəldi.

Çempionatın yekununda I yerə Rəstəcə komandası, II yerə Qaradağlı komandası, III yerə Qaracallı 2 nömrəli, IV yerə isə Qazyan 2 nömrəli məktəbin komandası layiq görüldülər. Çempionatın “Ən yaxşı oyunçu”su adına Rəstəcə məktəbinin oyunçusu Şüküran Soltanov layiq görüldü.

Qaliblər rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov tərəfindən diplomlarla təltif olundular, çempion komandaya kubok təqdim olundu.

Keçidlər