Şriftin ölçüsü :

Saytın rəngi :

“Məktəblər arasında Respublika çempionatı”nın Ucar rayon mərhələsi yekunlaşdı

22 noyabr 2018 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təsdiq etdikləri “Məktəblər arasında Respublika çempionatı”nın  Əsasnaməsinə uyğun olaraq 05-20 noyabr 2018-ci il tarixlərdə çempionatın Ucar rayon mərhələsi yüksək səviyyədə təşkil edildi və həyata keçirildi.

“Məktəblər arasında Respublika çempionatı”nın  keçirilməsində məqsəd bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, idman komplekslərindən və idman bazalarından səmərəli istifadə edilməsi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsidir.

05 noyabr 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində məktəblər arasında rayon çempionatının açılış mərasimi keçirildi. Açılış mərasimindən sonra atletika idman növü üzrə yarışlara start verildi. Atletika üzrə yarışlar 5-7-ci sinif oğlanlar və qızlar arasında keçirildi və atletika yarışlarında 26 məktəbin komandası iştirak etdi. Ümumilikdə 156 yeniyetmə qüvvəsini sınadı. Atletika yarışlarında 1-ci yerə Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin komandası, 2-ci yerə Bağman kənd tam orta məktəbin komandası, 3-cü yerə Şəhər 5 nömrəli tam orta məktəbin komandası layiq görüldülər. Atletika idman növü üzrə yarışlarda Məlikəliyev Vahid Namiq oğlu, Kərimova Səbinə İlqar qızı və Kərimova Rəvanə Elburus qızı ilə xüsusilə fərqləndilər.

06-10 noyabr 2018-ci il tarixlərdə şəhər 3 nömrəli tam orta məktəbin idman zalında 7-9-cu sinif qızlar arasında voleybol üzrə yarışların rayon mərhələsi keçirildi. Voleybol yarışlarında 17 məktəbin komandası iştirak etdi və ümumilikdə 136 məktəbli qız qüvvəsini sınadı. Voleybol üzrə yarışlarda 1-ci yerə Şəhər 1 nömrəli məktəb-liseyin komandası, 2-ci yerə Qazyan kənd 3 nömrəli tam orta məktəbin komandası, 3-cü yerə Alpout kənd 2 nömrəli tam orta məktəbin komandası layiq görüldülər.

11-15 noyabr 2018-ci il tarixlərdə şəhər 4 nömrəli tam orta məkltəbin idman zalında 9-11-ci sinif oğlanlar arasında basketbol üzrə yarışların rayon mərhələsi keçirildi. Basketbol yarışlarında 22 məktəbin komandası iştirak etdi və ümumilikdə 220 nəfər məktəbli qüvvəsini sınadı. Basketbol üzrə yarışlarda 1-ci yerə Şəhər 4 nömrəli tam orta məktəbin komandası, 2-ci yerə Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin komandası, 3-cü yerə Pirkənd kənd tam orta məktəbin komandası layiq görüldülər.

16-20 noyabr 2018-ci il tarixlərdə Şahmat məktəbində 2-4-cü sinif şagirdləri arasında şahmat üzrə yarışların rayon mərhələsi keçirildi. Şahmat yarışlarında 5 məktəbin komandası iştirak etdi və ümumilikdə 30 nəfər yeniyetmə qüvvəsini sınadı. Şahmat üzrə yarışlarda 1-ci yerə Şəhər 6 nömrəli tam orta məktəbin komandası, 2-ci yerə Şəhər 5 nömrəli tam orta məktəbin komandası, 3-cü yerə Şəhər 4 nömrəli tam orta məktəbin komandası layiq görüldülər.

“Məktəblər arasında Respublika çempionatı”nın qiymətləndirmə meyarlarına uyğun olaraq 47 xalla Qazıqumlaq kənd 2 nömrəli tam orta mətkəbin komandası 1-ci, 43 xalla Şəhər 4 nömrəli tam orta məktəbin komandası 2-ci, 38 xalla Şəhər 1 nömrəli məktəb-liseyin komandası 3-cü, 38 xalla Şəhər 5 nömrəli tam orta məktəbin komandası 4-cü oldular.

22 noyabr 2018-ci il tarixdə YAP Ucar rayon təşkilatının inzibati binasında “Məktəblər arasında Respublika çempionatı”nın  Ucar rayon mərhələsinin bağlanış mərasimi keçirildi.  Yarışların bağlanış mərasimində Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva, Rayon Təhsil Şöbəsinin müdiri Fuad İsrəfilov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov qalibləri təbrik edərək, onları diplomlarla təltif etdilər. Həmçinin oyunların baş hakimi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Zaur Abdullayev yarışların nəticələri və zona mərhələsi haqqında məruzə ilə çıxış etdi. Sonda iştirakçılarla xatirə şəkli çəkildi.

“Məktəblər arasında Respublika çempionatı”nın zona yarışlarında yalnız 1-ci yerə layiq görülmüş komandalar iştirak edə bilər. Ucar rayonunu zonalarda təmsil edəcək hər dörd komandaya uğurlar arzu edirik.

Keçidlər