Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Sərhəddən başlanan Vətən” adlı layihə çərçivəsində “Vətənpərvərlik və gənclər” mövzusunda maarifləndirici tədbir keçirilib

29 noyabr 2018 | 16:00

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Ucar rayonu Qazyan kənd “Savab” məscidi dini icması “Sərhəddən başlanan Vətən” adlı layihə çərçivəsində “Vətənpərvərlik və gənclər” mövzusunda Zeynal Məmmədov adına Ucar rayonu Qazyan kənd 3 saylı tam orta məktəbində 10-11-ci  sinif şagirdlərinə maarifləndirici tədbir keçirib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, məscidin imamı Cavid Məmmədov, Qazyan kənd “Savab” məscidi dini icmasının sədri Əli Həsənov, Qazyan kənd 3 saylı tam orta məktəbin direktoru Dərgah Xəlilov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qazyan kənd 3 saylı tam orta məktəbin direktoru Dərgah Xəlilov belə maarifləndirici tədbirlər gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin artırılması bu gün Azərbaycanda əsas prioritetlərdən biri hesab edilir. Torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur vətənpərvər gənclərə daha çox ehtiyac duyulduğunu vurğuluyaraq keçirilən layihənin gənclərin vətənpərvər olması üçün vacib olduğunu söylədi.            

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında bildirib ki, bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Ə.Rəfiyev qeyd edib ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir.

DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Ucar rayonu Qazyan kənd “Savab” məscidi dini icmasının sədri Əli Həsənov və məscidin imamı Cavid Məmmədov öz çıxışlarında vurğulayiblar ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə,  öz  ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər