Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

                        2014-cü il ərzində Ucar rayonunda görülmüş işlər barədə və 2015-ci ildə qarşıda duran vəzifələr və görüləcək işlər barədə

         2014-cü il ərzində Ucar rayonunda abadlıq-quruculuq işləri davam etdirilmiş, rayon Sukanal idarəsinin, rayon Kənd təsərrüfatı idarəsinin inzibati binalarının və  şəhərin Heydər Əliyev kücəsində 9 saylı ərazi vergilər idarəsinin xidmət mərkəzinin  tikintiləri davam etdirilmiş, rayon Gənclər Mərkəzi üçün binanın tikintisinə başlanılmış, həmçinin, şəhərin Heydər Əliyev prospektində, Oğuz və Azərbaycan küçələrində dekorativ hasarların çəkilməsi və üzlük daşlarla üzlənilməsi işləri davam etdirilmişdir. Şəhərin Dədə Qorqud  küçəsindəki 3, 7 və 9 saylı binaların dam örtüyündə təmir işləri aparılmış və bu işlərə 39 min manat büdcə vəsaiti xərclənmişdir.
       Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il  27 fevral tarixli 118 nömrəli Fərmanına uyğun olaraq rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə Ucar rayonu üzrə də mühüm əhəmiyyətli tədbirlər  nəzərdə tutulmuş və artıq  bu tədbirlərin icrasına başlanmışdır. Müqayisə üçün qeyd edək ki, əgər birinci Dövlət Proqramında  Ucar rayonunun sosial-iqtisadi inkişafı ilə əlaqədar 6 layihə nəzərdə tutulmuşdusa, üçüncü Dövlət Proqramında rayon üzrə 18 layihənin icrası nəzərdə tutulmuşdur.
   Dövlət Proqramında icrası nəzərdə tutulmuş sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi, bu sahəyə xidmət göstərən infrastrukturun  maddi-texniki bazasının möhkəmləndirilməsi, şəhərdaxili və yerli əhəmiyyətli avtomobil yollarının və körpülərin tikintisi və əsaslı təmiri, rayonun elektrik enerjisi, təbii qaz, istilik,  içməli su və kanalizasiya təminatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması, torpaqların su təminatının, meliorasiya-irriqasiya xidmətlərinin  yaxşılaşdırılması, sel sularından mühafizə tədbirlərinin, abadlıq və quruculuq işlərinin aparılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi tədbirlərinin həyata keçirilməsi, rayonun sosial-iqtisadi cəhətdən daha da sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdir.

                                                Magistral və yerli əhəmiyyətli avtomobil yolları 

          Dövlət Proqramına uyğun olaraq rayon ərazisində magistral və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin tikintisi və təmiri ilə əlaqədar tədbirlər davam etdirilmişdir. Göyçay–Ucar avtomobil yolunun Ucar şəhərinə giriş hissəsinin 6 kilometrinin yenidən qurulması, həmin yolun üzərində 3 körpünün tikintisi davam etdirilmiş, rayonun Qaracallı kənd yolunun 1,2 km hissəsinə 7200 kvadratmetrlik, 90,8 min manatlıq asfalt örtük vurulmuşdur.
         2014-cü il ərzində şəhərin Heydər Əliyev prospektində 456,9 min manatlıq, başqa sözlə 20000 kvadratmetrlik asfalt işləri görülmüş, həmçinin şəhərin küçələrində cari təmir işləri aparılmışdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, bəzi yaşayış məntəqələrinin, o cümlədən Alpout, Qazyan, Təzə Şilyan, Müsüslü, Quləbənd, Alpı kəndlərinin kənddaxili yollarının ilk növbədə asfaltlaşdırılmasına ciddi ehtiyac vardır.

                                                     Torpaqların su təminatını yaxşılaşdırması

        Rayonun torpaqlarının su təminatını yaxşılaşdırmaq üçün il ərzində  təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələrində 1milyon 134 min kubmetr həcmində 542,3 min manatlıq lildən təmizləmə, 120 ədəd hidrotexniki qurğuda 37,6 min  manatlıq cari təmir işləri görülmüşdür. Həmçinin, 176,4 min manatlıq əsaslı təmir işləri yerinə yetirilmişdir. 2014-cü  il ərzində istismar tədbirlərinə uyğun olaraq, 564,2 min kubmetr həcmində, 157,9 kilometr uzunluğunda  və ya 289,3 min manatlıq kollektor-diren şəbəkələrinin  lildən təmizlənməsi və torpaqbasma işləri həyata keçirilmişdir.
        Rayonda sel sularından mühafizə tədbirləri həyata keçirilmiş, 2014-cü il ərzində rayonun Türyançay və Göyçay çayının sağ və sol sahilləri boyunca maşın və mexanizmlərin köməyi ilə 23,4 km uzunluğunda, 457,6 min kubmetr həcmində məcra təmizlənməsi və bəndin təmiri, 109 kubmetr həcmində betonla sahilbərkitmə işləri görülmüşdür.

         Rayon Meliorasiya İdarəsinin kollektivi  2014-cü ildə 509 min kubmetr həcmində, 145,3 km uzunluqda, 260,6 min manat dəyərində kollektor-dren şəbəkələrinin lildən təmizlənməsi və torpaqbasma işləri görmüşdür.

                                                          Sənayenin inkişafı və yeni iş yerləri

        Rayonun Qazıqumlaq kəndi ərazisində tikintisinə başlanılmış “Ucar Aqro” MMC-yə məxsus Quşçuluq Sənaye Kompleksinin Quş əti emalı müəssisəsi istifadəyə verilmiş, Quş yetişdirmə fabrikinin tikintisi davam etdirilməklə 2015-ci ildə istifadəyə  verilməsi nəzərdə tutulmuşdur ki, nəticədə əlavə olaraq 150  daimi iş yerinin açılması təmin ediləcəkdir.
          Rayonda ümumi  məhsul buraxılışı 3,0 faiz, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 15,6 faiz, pərakəndə əmtəə dövriyyəsi  17,1 faiz,   əhalinin pul gəlirləri 4,8  faiz, orta aylıq əmək haqqı 7,2 faiz artmış, yoxsulluq səviyyəsi 6 faizdən  5,3  faizə düşmüşdür.
          2014-cü il ərzində rayonda  cəmi 775 iş yeri açılmışdır ki, bundan 680-ı daimi, 95-i digər tədbirlər üzrə müvəqqəti və mövsümü işlər olmuşdur. Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə il  ərzində 7604 nəfər fiziki və hüquqi şəxsə 15 milyon 83 min manat kredit verilmiş, bundan 4320 nəfərə 9 milyon 94,5 min manat qısa müddətli, 3284 nəfərə 5 milyon 988,6 min manat uzun müddətli kredit verilmiş, bundan əlavə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 12 sahibkara 136 min manat güzəştli kredit verilmiş və bu güzəştli kredit hesabına 20 yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
         İl ərzində 8 bələdiyyə tərəfindən 32 nəfərə sahibkarlıq məqsədilə 12 min 626 kvadrat metr torpaq sahəsi satılmış, 5 bələdiyyə tərəfindən 6 sahibkara  82,5 ha torpaq sahəsi  kənd təsərrüfatı məhsulları istehsal etmək üçün icarəyə verilmişdir.
           Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq olunmuş və Dövlət Proqramının icra müddətində mövcud sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, yeni sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, xüsusi iqtisadi zonaların fəaliyyətə başlaması və regionların sənaye potensialının artırılması istiqamətlərinin diqqət mərkəzində saxlanılması əsas götürülərək müvafiq təhlillər aparılmış, rayonda sənaye məhəlləsinin yaradılması və mövcud sənaye müəssisələrinin bərpa və inkişaf etdirilməsi ilə əlaqədar təkliflər İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilmişdir.
         

                                                                                   Kənd təsərrüfatının inkişafı

            Dövlət Başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq il ərzində əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi çərçivəsində rayon üzrə 7454 nəfərə  21 min 102 hektar əkin sahəsi üçün  864 min 106 manat vəsaitin plastik kart vasitəsi ilə ödənilməsi təmin edilmiş, 2015-ci ilin məhsulu üçün əkilmiş buğda və  çəltik  əkinlərinə görə 4 min 301 hektar sahəyə görə 172 min 70 manat vəsaitin verilməsi üçün sənədlər Respublika komissiyasına təqdim olunmuşdur.
          Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində 2014-cü il ərzində   620 baş iri buynuzlu heyvan süni yolla mayalandırılmış, 563 baş cins bala alınmışdır. İl ərzində mal-qaranın baş sayı 260 baş artaraq 114 min 4 başa çatdırılmışdır. Ümumilikdə 2014-cü ilidə rayonun təsərrüfatlarında 5016 ton ət, 38 min 359 ton süd, 19 milyon 607 min ədəd yumurta istehsal olunmuşdur ki, bütün bunlar 2013-cü ildəkindən coxdur.2014-cü  ilin məhsulu üçün əkilmiş 12 min 106 hektar taxıl sahəsindən  26 min 731 ton məhsul toplanmış, keçən illə müqayisədə 410 ton çox olmaqla hər hektardan məhsuldarlıq 22,1 sentner olmuşdur.
          2015-ci ilin məhsulu üçün 11 min 671 hektar sahədə taxıl əkilmiş, hazırda taxıl əkini  sahələrinə aqrotexniki qulluq olunur.
       “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramı”nın  həyata  keçirilməsi  üzrə Tədbirlər Planı”na  uyğun olaraq torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi üçün Türyançay çayı üzərinə SNP-500/10 su nasosu quraşdırılmış, 1300 hektardan artıq torpaq sahəsinin suvarma suyu ilə təchizatı problemi aradan qaldırılmışdır.
      İl ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına kömək məqsədilə rayon “Aqroservis” filialı tərəfindən 1000 hektar sahədə taxıl biçini, 700 hektar sahədə şum, mala, ot biçini və digər işlər görülmüşdür. Taxılın vaxtında və itkisiz yığılması üçün müvafiq texniki və digər zəruri tədbirlərin görülməsi üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları arasında maarifləndirmə işinin nəticəsi olaraq fiziki şəxslər tərəfindən lizinq yolu ilə 8 ədəd Sampo, 1 ədəd Klass  markalı taxılbiçən kombayn və digər kənd təsərrüfatı texnikaları alınmışdır. 2014-cü ildə rayonun ayrı-ayrı fermerləri tərəfindən Ucar “Aqroservis” filialında işlədilmiş 5 ədəd əlavə kombayn, bundan başqa lizinq yolu ilə 11 ədəd yeni traktor, 11 ədəd kotan, 4 ədəd taxılsəpən və digər kənd təsərrüfatı alətləri alınmışdır.
        Bu güzəştlər rayonda lizinq yolu ilə 82 nəfər sahibkara satılmış 200-ə yaxın kombayn, traktor, maşın və mexanizmlər, kənd təsərrüfatı alətləri üzrə təxminən 1 milyon manatadək, satılmış 237,8 ton gübrə üzrə isə 61760 manat vəsaitin dövlət tərəfindən bağışlanması deməkdir.
        2015-ci ilin möhtərəm Prezidentimiz tərəfindən “Kənd Təsərrüfatı ili”elan edilməsi ölkəmizdə bu sahəyə verilən önəmi göstərməklə bərabər, kənd təsərrüfatı sahəsində irəliyə doğru bir addım olacağı şübhəsizdir və bu yolda bizi daha gərgin işlər gözləyir.

                                                        Əhalinin Sosial Müdafiəsi Mərkəzi

          Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı Dövlət Sosial yardımı haqqında” 16 noyabr 2005-ci il tarixli Fərmanı və Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” 07 fevral 2006-cı il tarixli Qanununa uyğun olaraq 2014-cü ildə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1453 nəfər müraciət  etmiş, onlardan 1310 nəfərinin sənədləri  qeydiyyata  alınmış,  1064 ailənin 5137 nəfər üzvünə Ünvanlı sosial yardım təyin olunmuş və 2 milyon 58,9 min manat vəsait ödənilmişdir. Hesabat dövründə mərkəz tərəfindən 2510 nəfər sosial müavinət və kompensasiya alan ailəyə, 116 nəfər şəhid ailəsinin 154 nəfər ailə üzvünə, 278 nəfər Prezident təqaüdü alan müharibə əlilinə, 162 nəfər tək və kimsəsizə xidmət göstərilmişdir.

          Hazırda rayonda  50 nəfər Qarabağ müharibəsi əlili,10 nəfər şəhid ailəsinin üzvü, 4 nəfər Çernobıl qəzası əlili mənzil növbəsindədir.

          2014-cü ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonda 6 nəfər Qarabağ Müharibəsi əlili üçün  fərdi evlərin tikintisinə başlanılmışdır.
          Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2011-2015-ci illər)”nın həyata keçirilməsini təmin etmək üçün rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı və “Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş, icrası ilə əlaqədar bir sıra işlər görülmüşdür.
İl ərzində rayon Məşğulluq Mərkəzinə 371 nəfər işsiz vətəndaş müraciət etmiş, bunlardan 269  nəfəri təqdim olunmuş boş (vakant) iş yerlərinə göndəriş almış və onların hamısı daimi işlə təmin olunmuşlar. İl ərzində işlə təmin edilməsi mümkün olmayan vətəndaşlardan 5 nəfərinə işsizlik müavinəti təyin olunmuşdur.

        2014-cü ilin sentyabr ayında keçirilmiş Əmək yarmarkasına 19 müəssisə və təşkilatdan 168 boş iş yeri təqdim olunmuş ,50 nəfərə göndəriş verilmiş və onlar daimi işlə təmin olunmuşlar.

       Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin  edilməsi üçün  10 müəssisə və təşkilatda  16 kvota yeri ayrılmışdır.

                                                            Dövlət Sosial Müdafiə Fondu

       2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirmiş, hesabat dövründə  435 nəfərə yeni əmək pensiyası təyin olunmuş, cəmi 10201 nəfər pensiyaçıya xidmət göstərilməklə, onlara 19,1 milyon manat vəsait ödənilmişdir.       

                                                           Poçt və telefon rabitəsi xidməti

        Rayon əhalisinə göstərilən poçt və telefon rabitəsi  xidmətinin  daha da yaxşılaşdırılması üçün nəzərdə  tutulmuş tədbirlərə uyğun olaraq işlər davam etdirilmişdir. Əhaliyə göstərilən rabitə və internet  xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılmasına nail olunmuş, Ucar Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı təmir olunmuş, rayonun mərkəzi ATS-də 48 port tutumlu DSLAM avadanlığı və rayonun Bağban kəndində 112 nömrə tutumlu ATS quraşdırılmış, yeni internet avadanlıqları quraşdırılmış, genişzolaqlı internet istifadəçilərinin sayı 1889-a çatdırılmışdır.
      2014-cü il ərzində görülmüş tədbirlər nəticəsində əhaliyə 133,5  min manatlıq (əvvəlki ildəkindən 9,9 min manat çox) poçt xidməti, 490 min manatlıq (əvvəlki ildəkindən 43,2 min manat çox) telefon rabitəsi xidməti  göstərilmişdir.
       Lakin şəbəkənin xətt təsərrüfatının köhnə olması xidmətin yeni tələblər səviyyəsinə qaldırılmasında müəyyən çətinliklər yaradır.

                                                                 Nəqliyyat xidməti

           Ümimilikdə rayon üzrə vətəndaşlara müxtəlif nəqliyyat xidməti göstərmək üçün 795 ədəd müxtəlif təyinatlar üzrə Fərqlənmə nişanı verilmiş və dövlət büdcəsinə 5337 manat ödəniş edilmişdir.
       İl ərzində 39 min nəfərə yaxın sərnişin daşınmış və dövlət büdcəsinə 28 min manat  vəsait ödənilmişdir. Həmçinin Ucar şəhərindən Bakıya 3 ədəd iritutumlu avtobus və 4 ədəd mikroavtobus sərnişindaşıma xidməti göstərmiş, hesabat dövründə Ucar-Sumqayıt marşrutu açılmış və 2 mikroavtobus fəaliyyətə başlamışdır. Şəhərdaxili, kəndlərarası, Göyçay və Gəncə şəhərlərinə  sərnişindaşıma xidməti göstərilmişdir.
        Keçən dövr ərzində əhalinin enerji daşıyıcıları və içməli su ilə fasiləsiz təminatının  yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
       İlk növbədə rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış rayon qərargahının fəaliyyəti gücləndirilmiş, mövcud vəziyyət vaxtaşırı təhlil edilmiş, nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görülmüşdür.

                                                                     Elektrik enerjisi

       İl ərzində 10 kilovoltluq  elektrik verilişi xətlərinin 17 kilometri əsaslı, 16 kilometri cari, 0,4 kilovoltluq  elektrik verilişi xətlərinin 23,3 kilometri əsaslı, 12 kilometri cari, 77 ədəd transformator əsaslı və cari təmir olunmuş, 757 ədəd sayğac quraşdırılmış və bütün bu işlərə 69,9 min manat vəsait  xərclənmişdir. Lakin elektrik verilişi xətlərinin tikintisi və yenidən qurulmasına başlanmamışdır.
      2014-cü ildə istehlak olunmuş elektrik enerjisinin dəyərinin yığım faizi şəbəkə üzrə 2013-ci illə müqayisədə 1,0 faiz çox  olmaqla 97,6 faiz, əhali üzrə isə 5,3  faiz çox olmaqla 98,5 faiz yerinə yetirilmişdir.
    Bununla belə qeyd etmək lazımdır ki, keçən əsrin 60-cı illərindən istismarda olan 10 və 0,4 kilovoltluq elektrik verilişi xətlərinin və dayaqlarının istismara yararsız vəziyyətdə olması yüksək gərginlik ayrıcılarının işlək vəziyyətdə olmaması texniki itkilərə normadan artıq yol verilməsinə və elektrik enerjisinin verilməsində fasilələrin yaranmasına şərait yaradır.
     Həmçinin, xətlər üzərində yüksəkgərginlikli ayrıcıların işləməməsi qəza halları zamanı bütöv yaşayış məntəqələrinin enerji təchizatının dayandırılmasına səbəb olur.

                                                                         Təbii qaz

     2014-cü ildə əhalinin  təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüş, rayonun  Bağırbəyli, Quləbənd, Alpı  kəndlərinin və Qarabörk kəndinin bir hissəsinin   bir pilləli sistem üzrə qazlaşdırılması işləri davam etdirilmiş, il ərzində 239 ədəd qaz sayğacı istismar müddətini başa vurduğu üçün yenisi ilə  əvəz olunmuşdur. 
       Görülmüş tədbirlər nəticəsində idarə üzrə yığım faizi əvvəlki illə müqayisədə 2,5 faiz çox olmaqla 100  faiz, əhali qrupu üzrə 1,5 faiz az olmaqla 98,8 faiz təşkil etmişdir.
       Bütün bunlarla yanaşı hələ də rayonun 30 yaşayış məntəqəsindən 20-si, başqa sözlə  66,7 faizi qazlaşdırılmamışdır.

                                                                        Içməli su

     Keçən il əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün müxtəlif diametrli polietilen borularla 57 km  uzunluğunda magistral su xəttinin çəkilişi başa çatdırılmış, hazırda rayonun Rəstəcə kəndində tutumu 3000 kubmetr olan 1 ədəd su anbarının tikintisi aparılır.
       Layihəyə uyğun olaraq Ucar şəhərində 114 km şəhərdaxili su  şəbəkəsinin 109 kilometrlik hissəsində işlər başa çatmış, 4608 evə birləşmə  verilmişdir.
      İçməli su və kanalızasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə 4846 ədəd  smart kart tipli su sayğacları qurulmuşdur.
     Görülən işlərin nəticəsində  2014-cü ildə Ucar Sukanal idarəsi  üzrə  660 min 499 kubmetr və ya 210 min 733 manat dəyərində su satılmış, 221 min 763 manat və ya 105 faiz vəsait toplanması təmin edilmişdir.
       Rayonun 30 yaşayış məntəqəsindən 10-nun içməli su təminatının yaxşılaşdırılması təmin edilsə də 20 yaşayış məntəqəsinin içməli su ilə təmin olunması üçün tədbirlər həyata keçirilməlidir.
2014-cü il ərzində rayon üzrə 27 mənzil özəlləşdirilmiş, özəlləşdirilən mənzillərin ümumi sahəsi 1442,4 kvadratmetr olmuşdur.

                                                                Əhalinin mənzil şəraiti

       Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün il ərzində 10 bələdiyyə tərəfindən  27 nəfərə 2,62 ha həyətyanı torpaq sahəsi satılmışdır.
       2014-cü il ərzində 3 ədəd dövlət obyekti, 7 obyektin isə torpaq sahələri özəlləşdirilmiş və bu özəlləşdirmədən  dövlət büdcəsinə 53,9 min manat vəsait daxil olmuşdur.
       Keçən dövr ərzində rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən 143,5 min manatlıq, rayon Mənzil-İstismar Təmir-İstehsalat sahəsi tərəfindən isə 66,9 min manatlıq xidmət göstərilmişdir.  

                                                                             Təhsil    

        Rayonumuzun məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi diqqət mərkəzində olmuş, dövlət vəsaiti hesabına Ramal kəndində 180 şagird yerlik, Müsüslü kəndində 80 şagird yerlik ümumi orta məktəb binaları, eləcə də rayon Təhsil şöbəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmiş, Qazıqumlaq kənd 2 saylı tam orta məktəbi Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir olunmuş, bununla da son 11 ildə rayonda tikilən ümumtəhsil məktəblərinin sayı 18-ə çatmış, cari ildə istifadəyə verilmiş məktəblərə 477 min 100 manatlıq zəruri avadanlıq və texniki vasitələr verilmişdir.
     Rayon üzrə məktəblərin əksəriyyəti, başqa sözlə 45 məktəbdən 31-i internet şəbəkəsinə qoşulmuş, kompüterlərlə təminat yaxşılaşdırılmış, fənn laborotoriyaları və kitabxanaların fəaliyyəti gücləndirilmişdir.
           Rayonda 100 yerlik yeni uşaq bağçası və körpələr evi binasının təməli qoyulmuş, binanın 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
        2014-cü ildə rayonda təhsilin səviyyəsinin qaldırılması istiqamətində məqsədyönlü işlər görülmüş, fənn olimpiadalarının, bilik yarışlarının intensivləşdirilməsinə diqqət artırılmış, ayrı-ayrı fənlərin tədrisi vəziyyəti rayon Təhsil şöbəsində vaxtaşırı müzakirəyə çıxarılmışdır.
          Həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ildə rayon üzrə buraxılış imtahanlarında keyfiyyət göstəricisi  əvvəlki ildəki 59 faizdən 63 faizə qalxmışdır.
          Eləcə də ali məktəblərə qəbul olunan rayon məzunlarının sayı da əvvəlki ildəki göstəricidən 25 nəfər çox olmuş və 2014-cü ildə tələbə adı qazanan məzunların sayı 160 nəfər olmuşdur.
          Son illərdə qabaqcıl təhsil işçilərinin əməyinin qiymətləndirilməsi təhsilin keyfiyyətinə dayanıqlı təkan verməkdədir.
         Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə şəhər 4 saylı tam orta məktəbinin direktoru Elmira Soltanovanın “Tərəqqi”medalı ilə təltif olunması müəllim əməyinin qiymətləndirilməsinə yüksək qayğının təzahürü kimi rayonun pedaqoji kollektivləri tərəfindən sevinc və minnətdarlıqla qarşılanmışdır.
        2014-cü ildə məktəblərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi prioritet təşkil etmiş, “Cəsurlar”, “Şahinlər” hərbi idman oyunlarında bütün məktəblərin iştirakı təmin edilmiş, bir sıra şagirdlər fənn olimpiadalarının qalibləri  kimi respublika turunda fəal iştirak etmiş və fərqləndirici yerlər tutmuşlar.
      2014-cü ildə məktəblərimizdə olan vakant yerlərin doldurulmasına daha ciddi yanaşılmış, ehtiyac duyulan fənlər üzrə müəllim yerləri barədə dəqiq məlumat hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunmuş, sınaq imtahanlarından müvəffəqiyyətlə keçmiş 10 nəfər müəllim rayon məktəblərində dərs yükü ilə təmin olunmuş,rayon mərkəzindən 20 kilometrlik məsafədə yerləşən məktəblərdə işləyən gənc müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur.
      Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı “Fəaliyyət Planı” təkcə təhsil işçilərinin deyil, rayon İcra Hakimiyyətinin qarşısında da təhsilimizin gələcəyinin dünya və Avropa standartları  səviyyəsində olması istiqamətində səylərin birləşdirilməsi vəzifəsini qoymuşdur.
       Bununla yanaşı il ərzində bir sıra məktəblər təlim-tərbiyə işlərini mövcud imkanlardan aşağı səviyyədə qurmuş, rayon üzrə keçirilən tədbirlərdə passiv iştirak etmiş, Yuxarı Şilyan, Bağban, Bərgüşad kənd 1 və 2 nömrəli, Alpout kənd  2 nömrəli tam orta məktəbləri zəif nəticə göstərən məktəblər sırasında olmuşlar.
     Alpout kənd 2 nömrəli tam orta məktəbinin 15 nəfər məzunundan ali məktəblərə 1 nəfərin də qəbul olunmaması təəssüf doğurur. Bu vəziyyət  zəif nəticə göstərən bu cür məktəblərlə əsaslı iş aparılmasını tələb edir.

                                                                   Səhiyyə

        2014-cü ildə respublikada səhiyyə sahəsinə göstərilən qayğı rayon səhiyyəsinin maddi-texniki bazasının inkişafı istiqamətində görülən işlərdə də özünü göstərmiş, Heydər Əliyev Fondunun vəsaiti ilə tikilən 118 çarpayılıq rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisində işlər davam etdirilmiş, binanın 2015-ci ilin birinci yarısında istifadəyə verilməsi üçün zəmin hazırlanmışdır.
       Kənd İnvestisiya layihəsi əsasında Qazyan kənd həkim məntəqəsi  əsaslı təmir olunmuş, məntəqə zəruri avadanlıqlarla təchiz edilərək tibbi proses üçün normal şərait yaradılmışdır.
     İlboyu rayonda əhalinin dispanser müayinədən keçirilməsinə , ana və uşaqlarla aparılan müalicə-profilaktika işlərinin keyfiyyətcə yaxşılaşmasına çalışılmış,pediatr və mama-ginekoloqlardan ibarət ixtisaslaşmış həkim briqadalarının  müntəzəm olaraq yerlərdə olmasına, peyvəndlərin vaxtında aparılmasına diqqət artırılmış, nəticədə 1 yaşadək uşaqlar arasında cəmi 5 ölüm halı olmuşdur.Göstərilən rəqəm hər 1000 nəfər uşağa görə 2,1 promilli təşkil edir, bu da respublikanın orta göstəricisindən aşağıdır.
       Eləcə də 2014-cü ildə rayon üzrə bir sıra yoluxucu xəstəliklərin, o cümlədən malyariyanın qeydə alınmaması yaxşı hal kimi qiymətləndirilməlidir.
      Qeyd olunmalıdır ki, ölkə başçısının tapşırığına əsasən 2014-cü ildə fevral ayının 17-dən may ayının 1-dək respublikada ilk dəfə keçirilən əhalinin hamılıqla dispanser müayinədən keçirilməsi işində rayon İcra Hakimiyyəti və səhiyyə işçiləri səylərini birləşdirmiş, yaradılmış 4 mərkəzdə 56480 nəfər tibbi müayinədən keçirilmiş və müvafiq tədbirlər görülmüşdür.
       Qeyd olunmalıdır ki, anoloji tədbirin keçirilməsinə bu il də start verilmiş və bu sahədə işlərin daha mütəşəkkil aparılması təmin ediləcəkdir.
      İl ərzində güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olan şəxslərə -Böyük Vətən Müharibəsi əlillərinə, şəhid ailələrinə, tək-kimsəsizlərə, Qarabağ müharibəsi əlillərinə, şəkərli, nevroloji xəstələrə pulsuz dərmanlar verilməsi davam etdirilmiş, hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilməsi tədbirləri keçirilmişdir.
      Bununla yanaşı qeyd edilməlidir ki, rayon səhiyyə təşkilatlarında kadr çatışmamazlığı, başqa sözlə, 139 həkim ştat vahidindən 58-nin boş olması vəziyyətə öz təsirini göstərməkdədir.

                                                                 Mədəniyyət

      2014-cü ildə rayon əhalisinə 18 mədəniyyət evi, 8 klub, 40 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, 1 Tarix-Diyarşünaslıq muzeyi vasitəsilə mədəni xidmət göstərilmiş, turizmin inkişafına dəstək verilməsi məqsədilə rayonun görməli yerləri və turizm imkanları barədə buklet hazırlanaraq Respublika Mədəniyyət Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə məktəblərin  IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” şüarı altında keçirilən  turizm aksiyasında rayon üzrə 40 nəfər əlaçı və nümunəvi şagird, 28-31 avqust 2014-cü il tarixlərdə Qəbələ rayonu və  Şəki  şəhərində olmuşlar. Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədilə təşkil olunan bu ekskursiya rayon məktəblilərində xoş təəssürat yaratmaqla təlim və təhsillərində müsbət rol oynayacaqdır. 2015-ci ildə də rayon məktəblilərinin bu tur aksiyalarda  iştirakına dəstək veriləcəkdir.  

     Rayonun Mədəniyyət evləri və klublarında əhalinin asudə vaxtının təşkili məqsədi ilə tarixi və əlamətdar günlər, eləcə də tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar keçirilmiş tədbirlər şöbənin daim diqqət mərkəzində saxlanılmış və bu baxımdan dekabr ayında rayon Mədəniyyət evində yazıçı–dramaturq Cəfər Cabbarlının anadan olmasının 115 illik yubileyi münasibəti ilə keçirilən teatrlaşdırılmış tədbir daha baxımlı olmuş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

     Rayonda  özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi məqsədi ilə 2014-cü ilin may ayında “İstedadlar axtarırıq” devizi altında mədəniyyət evləri və klubların bədii özfəaliyyət kollektivlərinə ümumrayon baxış müsabiqəsi keçirilmişdir.
      20 iyul 2014-cü il tarixdə Şəki şəhərində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası  tərəfindən Beynəlxalq Ənənəvi Şəki Şirniyyat Festivalında mədəniyyət işçilərimiz də fəal iştirak edərək rayonumuzun milli mətbəx irsinə aid olan şirniyyatları nümayiş etdirmiş və festivalın  bürünc medalına layiq görülmüşlər.
    İl ərzində milli-mədəni irsin qorunması və daha da inkişaf etdirilməsinə diqqət artırılmış, rayon ərazisindəki mövcud 16 tarixi-mədəniyyət abidəsinin qorunması və səliqəyə salınması işləri davam etdirilmiş, muzeylərin, xüsusilə son illərdə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin fəaliyyəti daha da canlandırılmış, yeniyetmə və gənclərin Mərkəzdə fəaliyyət göstərən müxtəlif dərnəklərə cəlb edilməsi səviyyəsi yüksəlmiş, rayon məktəbləri ilə əlaqələr daha da genişləndirilmiş, Heydər Əliyev Mərkəzində yaradılmış müxtəlif dərnəklər, o cümlədən xalçaçılıq, rəsm, ingilis dili dərnəkləri və internet klubun fəaliyyəti milli irsin və müasirliyin təbliği baxımından irəliyə doğru addım kimi qiymətləndirilməlidir.
        Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun tabeliyində olan kitabxanaların kollektivləri də son bir il ərzində işdə dönüş yaratmağa,”Kitab bayramı” və kitab müzakirələri yolu ilə  kitab təbliğini gücləndirməyə çalışmışlar.
        Qeyd olunmalıdır ki, rayon Mədəniyyət evi və Qazıqumlaq kənd Mədəniyyət evi istisna olmaqla rayonda fəaliyyət göstərən digər mədəni-maarif müəssisələrinin uyğunlaşdırılmış binalarda yerləşməsi keçirilən tədbirlərin səviyyəsinə ciddi mane olur. 

                                                                 İdman

       Rayonda idman sahəsində görülən işlər əsasən rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil şöbəsi tərəfindən həyata keçirilməklə bu məqsədlə “Ucar-Pambıq” ASC-nin balansında olan stadion, 1 ədəd mini-futbol meydançası,  ümumtəhsil məktəblərindəki 34 stadion, 30 idman zalı, 114 idman qurğusundan istifadə olunmuşdur.
      İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığından irəli gələn vəzifələrlə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2014-cü il tarixli, sərəncamı ilə komissiya yaradılmış,futbol, voleybol, basketbol, güləş, cüdo, taekvondo, yüngül atletika, karate və şahmat idman növləri olmaqla 8 klub, 131 bölmə yaradılmış, 2014-cü ilin aprel-dekabr aylarında rayonda keçirilən müxtəlif yarışlarda 2323 nəfər iştirak etmişdir.
     İl ərzində rayon Şahmat məktəbinin yetirməsi Süsən Məmmədova və İradə Əhmədova İran İslam Respublikasında keçirilən 14 yaşlı qızlar arasında beynəlxalq yarışlarda müvafiq olaraq gümüş və bürünc medallara, Ayhan Cabbarlı Yunanıstanda keçirilən 7 yaşlılar arasında Avropa birinciliyində gümüş medala, Süsən Əhmədova isə 14 yaşlılar arasında bürünc medala layiq görülmüşlər.
Bununla yanaşı qeyd olunmalıdır ki, rayonda İdman-sağlamlıq kompleksinin inşa olunmasına ciddi ehtiyac vardır.

                                       Təbiətin mühafizəsi və ekologiyanın qorunması

        Rayonda təbiətin mühafizəsi və ekologiyanın qorunması sahəsində müəyyən işlər görülmüş, “İDEA” İçtimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin  oktyabr-noyabr aylarında “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kompaniyası dövründə rayonda 6160 ədəd ağac əkilmiş, 2015-ci ildə də bu kompaniyanın  davam etdirilməsi qərara alınmışdır.

                                         Heydər Əliyev Mərkəzində keşirilən tədbirlər

     2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədilə rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə yaradılmış təbliğat qruplarının Heydər Əliyev Mərkəzində, müəssisə və təşkilatlarda görüşləri mütəmadi olaraq davam etmiş, keçirilən tədbirlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından göndərilən tezislərdən geniş istifadə edilmişdir.
           Keçirilən görüşlərdə bir qayda olaraq dinləyicilər Respublika Prezidentinin daxili və xarici siyasətini dəstəklədiklərini və bu kurs ətrafinda tam birləşdiklərini bildirmişlər.
        Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərdə, Gənclər kafesində  təşkil olunan görüş və tədbirlər yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik ruhunda formalaşması istiqamətində mühüm əhəmiyyət kəsb edir.
         Son dövrlərdə yeni ailə quran gənclərin nikah mərasimlərinin Heydər Əliyev Mərkəzində keçirilməsi əhali tərəfindən yüksək qiymətləndirilir. 2014-cü ilin aprel-dekabr aylarında 58 nəfər rayon gəncinin nikah mərasimləri Heydər Əliyev Mərkəzində təntənəli qeyd olunmuş və 2015-ci ildə də bu mərasimlər davam etməkdədir.
        Rayon İcra Hakimiyyəti Təhsil Nazirliyi ilə birlikdə Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinin “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında tədrisin təşkilini təmin etmiş, 2014-cü ilin fevral-may aylarında bu dərslərdə rayonun 36 tam orta məktəbi üzrə 1436 şagird iştirak etmişdir.

                                               ictimai təşkilatlar və qeyri-hökümət təşkilatları

         Rayonda 8 siyasi partiya, 10 içtimai təşkilat fəaliyyət göstərmişdir. 3804 nəfər üzvü olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatı aktiv fəaliyyətdə olmuşdur.
        “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası Qanununun icrası hesabat ilində də əsas vəzifələrdən olmaqla fəaliyyətdə olan 24 məscid və 3 dini icmanın qanunamüvafiq fəaliyyət göstərir.
     Rayonda fəaliyyət göstərən ictimai təşkilatlar və qeyri-hökümət təşkilatları ilə  daim əlaqə saxlanılmış, onlar tarixi və əlamətdar günlərdə, bayramlarda keçirilən mədəni-kütləvi tədbirlərə dəvət olunmuşlar.
      Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış təbliğat qrupları üzvlərinin il boyu əhalinin müxtəlif yaş qruplarının toplandığı yerlərdə, əmək kollektivlərində çıxışları təşkil olunmuş, keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfərləri, daxili və xarici siyasət sahəsində atdığı addımlar barədə əhaliyə geniş məlumat verilmiş, ölkədə aparılan geniş miqyaslı quruculuq işləri barədə ətraflı izahat aparılmasına nail olunmuşdur.
    “Yeni söz” rayon qəzeti rayonda baş verən hadisələrin dolğun işıqlandırılmasına, fikir plüralizminə  geniş yer  vermiş, ölkədə, rayonda həyata keçirilən irimiqyaslı quruculuq işlərinin tribunasına çevrilmişdir.

                                                                     Hərbi vətənpərvərlik

       Hərbi mükəlləfiyyətlilərin ordu sıralarına  çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi əlaqədar  sahələrin diqqət mərkəzində saxlanılmaqla gənclərimizin Milli Ordu sıralarına hərbi xidmətə təntənəli mərasimlərlə göndərilməsi rayonda  ənənə halını almışdır.
      Ölkənin müdafiə qüdrətinin artırılmasında vətəndaşların fəal iştirakının təmin edilməsi məqsədilə il ərzində könüllülük əsasında Respublika Silahlı Qüvvələrinin  Yardım Fonduna rayondan  11510 manat vəsait köçürülmüşdür.   

                                                        Qanun pozuntularına qarşı mübarizə

         Rayonda qanun pozuntularına qarşı mübarizə davam etdirilmiş, krimonogen durumun sabit saxlanılmasına ciddi səy göstərilmişdir.
      İl ərzində rayonda əvvəlki ildəkindən 22 fakt çox olmaqla 114 cinayət hadisəsi baş vermiş, onlardan 112-nin üstü isti izlərlə açılmış,cinayətlərin açılması 98,1 faiz olmuş, 2 cinayət hadisəsi bağlı qalmışdır.
     Qeyd olunan  dövrdə rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi,narkotik tərkibli bitkilərin əkilib-becərilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilmişdir.Narkotiklərdən istifadəyə dair əvvəlki ildəkindən 1 fakt az olmaqla 5 fakt aşkar edilmiş, vətəndaşlardan 2 kq 567 qram narkotik vasitə olan marixuana götürülmüş, bunlarla əlaqədar cinayət işi qaldırılmışdır.
        İl ərzində azyaşlılar tərəfindən cəmi 1 cinayət hadisəsi törədilmişdir ki, bu da 2013-cü ildəkindən 5 fakt azdır.

                               Başçının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Bələdiyyələr

            2015-ci il yanvar ayının 12-dən 30-dək olan dövrdə Başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində hesabat iclasları keçirilmiş, qeyd olunan iclaslarda il ərzində görülmüş işlər təhlil olunmuş, cari il üçün vəzifələr müəyyənləşdirilmişdir.
     Hesabat iclaslarında Yuxarı Şilyan, Müsüslü, Bərgüşad, Qazyan, Qazıqumlaq kənd inzibati ərazi dairələrindən respublika təşkilatlarına, o cümlədən Prezident Administrasiyasına yazılan ərizələrin əvvəlki illə müqayisədə artması, Lək, Bərgüşad, Pirkənd, Qazıqumlaq kənd inzibati ərazi dairələrində əhali tərəfindən istifadə olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsində geriliyə yol verilməsi, bir sıra kəndlərdə əhali ilə zəif iş aparılması ciddi tənqid olunmuş, Alpout, Təzə Şilyan, Rəstəcə, Qarabörk, Qaradağlı kənd yollarının abadlaşdırılması, kəndlərin bir çoxunda su arxlarının və şirə kanallarının lildən təmizlənməsi sahəsində zəif iş aparıldığı, kənddə su durulducu qurğuların olmadığı, qaz xəttinin çəkilməsinə  başlanmadığı qeyd edilmiş, ötən əsrin 60-cı illərində çəkilmiş elektrik xətt və dirəklərinin təmir olunması, bir sıra sosial obyektlərin tikilməsinə köməklik olunması xahiş edilmişdir.

     2014-cü il dekabr ayının 23-də respublikamızda, o cümlədən rayonumuzda bələdiyyələrə seçkilər keçirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq seçkilər ərəfəsində rayon üzrə seçicilərin sayı dəqiqləşdirilmiş, seçki məntəqələrinin yerləşdiyi binalar təmir olunmuş, məntəqə seçki komissiyaları mebel, texniki avadanlıq, rabitə vasitələri, fasiləsiz elektrik enerjisi, generator və digər zəruri avadanlıqlarla təmin olunaraq seçkilər üçün normal şərait yaradılmışdır.
       Rayon seçiciləri 91 saylı Ucar və 92 saylı Zərdab-Ucar seçki dairələrində seçkilərə qatılmış, 17 bələdiyyə üzrə 163 bələdiyyə üzvü yeri uğrunda mübarizə aparılmışdır. Rayon üzrə 47537 nəfər seçicidən 18195 nəfəri, (38,28 faiz) seçkilərdə iştirak etmişlər.
      Seçilmiş bələdiyyə üzvlərinin hamısı ali təhsilli olmaqla onlardan 60 nəfəri (36,8 faiz) qadın, 64 nəfəri (39,3 faiz) 30 yaşdan aşağı gənclər,1 09 nəfəri (66,9 faiz) Yeni Azərbaycan Partiyasının, 10 nəfəri (6,1 faiz) digər partiyaların üzvləri, 44 nəfəri (27,6 faiz) bitərəf olmuşlar.
      Bələdiyyə sədrlərinin hamısı ali təhsilli olmaqla onlardan 6 nəfəri (35,3 faiz) qadın, 6 nəfəri (35,3 faiz) 30 yaşdan aşağı gənc, 15 nəfəri (88,2 faiz) Yeni Azərbaycan Partiyasının üzvləridir.
Rayonda 1 şəhər, 15 kənd olmaqla Başçının 16 inzibati ərazi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərmiş və öz işlərini “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun qurmağa səy göstərmişlər.
     Eləcə də rayon üzrə mövcud 18 bələdiyyənin fəaliyyəti qüvvədə olan qanunvericiliyə  uyğun qurulmuşdur. Qeyd olunan qurumlar rayon mərkəzi və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq və quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin həllində fəal iştirak etmiş, görülən işlər vaxtaşırı olaraq yerli icra hakimiyyətləri və bələdiyyələrin koordinasiya şurasında təhlil olunmuş,qanunauyğun tövsiyələr verilmişdir.
      Son beş ildə bələdiyyələr tərəfindən yerli əhəmiyyətli məsələlərin həllində, o cümlədən “Bir bələdiyyə-azı bir layihə”təşəbbüsü çərçivəsində xeyli işlər görülmüşdür.
     İlboyu bələdiyyələr rayon mərkəzində küçə və yolların səliqəyə salınmasında, məişət tullantılarının yığılmasında,yol kənarlarında və parklarda yaşıllıqların artırılmasında və qorunmasında, kənd yollarının təmiri və abadlaşdırılmasında, kənddaxili su arxlarının qazılması və lildən təmizlənməsində, körpülər salınmasında və sair işlərdə fəal iştirak etmiş və yerli icra orqanları ilə birgə tədbirlər həyata keçirmişlər.
     Son 5 ildə bələdiyyələr tərəfindən vətəndaşlara fərdi mənzil tikintisi üçün həyətyanı və kənd təsərrüfatı məhsulları yetişdirmək məqsədilə icarəyə torpaq sahələri ayrılmış, rayon üzrə 540 nəfər sakinə 48,6 hektar həyətyanı, 21 nəfər sakinə təsərrüfat işləri məqsədilə 296,6 hektar icarəyə torpaq sahələri verilmişdir.
     Toplanan vəsait yerlərdə bir sıra problemlərin həllinə kömək olmuş, qeyd olunan dövrdə rayonda bələdiyyə torpaqlarından  və bələdiyyə mülkiyyətində olan vəsaitdən bütün hallarda qanunvericiliyə uyğun istifadə olunmasına nəzarət  edilmiş, torpaqlardan qeyri-qanuni istifadə hallarına yol verilməmişdir.
     Görülmüş işlərlə yanaşı rayon üzrə bir sıra bələdiyyələr tərəfindən nöqsanlara da yol verilmiş, əmlak və torpaq vergilərinin toplanmasında nəzərdə tutulan proqnozlar yerinə yetirilməmişdir.
2014-cü ilin fevral ayında rayon üzrə Qaracallı və Pirkənd bələdiyyələrində yaşayan əhalinin təşəbbüsü ilə qeyd olunan bələdiyyələr Qaracallı bələdiyyəsində  birləşmiş, beləliklə rayonda bələdiyyələrin sayı 18-dən 17-yə enmişdir.

                                                              Vətəndaş müraciətləri

     2014-cü ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatına mərkəzi icra orqanlarından  vətəndaş müraciəti ilə əlaqədar 10 ədədi nəzarətdə, 112 ədədi şikayət olmaqla 397 ədəd ərizə daxil olmuşdur. Bu, 2013-cü ildəkindən  27 ədəd azdır.
     Eləcə də rayon daxilindən 65 ədədi nəzarətdə, 836 ədədi ərizə, 72 ədədi şikayət, 9 ədədi təklif olmaqla 917 ədəd,əvvəlki ildəkindən 3 ədəd az ərizə daxil olmuş, ərizələrə vaxtında cavablar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində qanunauyğun iş aparılmışdır.
     Rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 505 nəfərin (2013-cü ilin müvafiq dövründə 578 nəfər olub) müraciəti dinlənilmişdir. Qəbula gələnlərin müraciətləri əsasən işlə təmin olunma, maddi yardım edilməsi, ev təmirinə köməklik, su probleminin həlli, qaz və enerji verilişi və kommunal xərclərə güzəşt edilməsi, mənzillə təmin edilmə, ünvanlı sosial yardım təyin edilməsi,ev tikməyə köməklik, əlillik dərəcəsinin təyin edilməsi,  icarəyə  torpaq sahəsi verilməsi,  su arxının qazılması, qaz problemi və sair məsələlərlə bağlı olmuş, müraciətlər araşdırılmış və böyük qismi öz həllini tapmışdır.
    Müzakirə olunan dövrdə rayon İcra Hakimiyyəti Başçısının yerlərdə 44 səyyari qəbulu keçirilmiş, qəbullar rayonun bütün yaşayış məntəqələrini əhatə etmiş, qəbullarda 134 nəfərin müraciəti dinlənilmişdir.
     Müraciətlər su-kanalizasiya məsələləri, yol məsələləri, qaz çəkilməsi məsələləri,  maddi  köməklik, kənd ərazisindən keçən su arxının kənarına yığılmış torpağın hamarlanması, telefon xəttinin təmiri, torpaq məsələsi, uşaq bağçasının tikilməsi, su təmizləyici qurğunun tikilməsi, əmlak məsələsi, kənd ərazisindən keçən magistral yolun üzərində keçid tikilməsi, pay torpaq sahəsində yerləşən drenaj quyusunun bərpasına köməklik  barədə olmuşdur.
      Müraciətlərin böyük əksəriyyəti qısa vaxtda həllini tapmış, 101 ədədi müsbət həll olunmuşdur.
    Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş”Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə” ni öz işində rəhbər tutan rayon İcra Hakimiyyəti Başçısı Aparatı 2014-cü ildə də bütün işlərini bu sənədin tələbləri əsasında qurmuş, Aparatın və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə keçirilən treninqlərdə idarəetmənin yeni stil və metodlarından istifadənin vacibliyi önə çəkilmiş, informasiya-kommunikasiya texnologiyalarının tətbiginə geniş yer verilmiş, Başçının Pirkənd, Bərgüçad, Qazyan, Qarabörk, Qazıqumlaq və Ucar şəhəri üzrə inzibati ərazi dairəsi nümayəndəliklərində  qurulmuş texniki vasitələrin köməyi ilə bütün nümayəndəliklərlə görüntülü və səsli əlaqələr yaradılmış, operativ müşavirələr keçirilmiş, bu sahədə keyfiyyət göstəriciləri daha da yaxşılaşdırılmışdır.
    “Dövlət qulluğu haqqında” Qanuna və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə” yə uyğun olaraq kadrların hazırlanması və seçilib-yerləşdirilməsi işləri davam etdirilmiş, rayon İcra Hakimiyyəti Başçısı Aparatında və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə boş olan yerlər barədə içtimaiyyətə məlumat verilmiş, dövlət qulluğunun inzibati vəzifələrinə təyin edilmək üçün seçilən gənclərin təhsili və şəxsi keyfiyyətləri, bilik və bacarıqları ətraflı öyrənilmiş, onlar vəzifəyə müsabiqə yolu ilə qəbul olunmuşlar.
    “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”a uyğun olaraq 2014-cü ildə də başçının sərəncamı ilə başçının aparatında iş nomenklaturu təsdiq edilmiş, həm aparatda, həm də nümayəndəliklərdə işlədilən kitablar rayon İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən hazırlanmışdır.
    İl ərzində sənədləşmə və kargüzarlıq qaydalarına əməl olunması nəzarətdə saxlanılmış, bununla əlaqədar müntəzəm olaraq ərazi nümayəndələri ilə seminarlar keçirilmişdir.
Yola saldığımız ildə rayon İcra Hakimiyyəti Başçısı Aparatında və onun yerli strukturlarında işlərin dövlət idarəçiliyinin müasir stil və metodlarının tələbləri səviyyəsində qurulmasına diqqət daha da artırılmışdır.
     Rayon sakinlərinin müraciətlərinə respublikamızın qanunları çərçivəsində yanaşılmış, ”Dövlət qulluğu haqqında”Qanunun tələblərinə uyğun olaraq etik davranış normalarına əməl olunmasına ciddi çalışılmış, ehtiyat kadrlarla müntəzəm iş aparılmışdır.
     İdarəçilikdə müasir texnologiyanın tətbiqi diqqətdə saxlanılmış, aparatın elektron poçtu fasiləsiz olaraq fəaliyyət göstərmişdir.
    

      2015-ci il yenicə başlanmış, təyin olunmuş “Kənd təsərrüfatı ili”ndə, eləcə də Milli Məclisə seçkilərin keçiciriləcəyi bu ildə bizi əzəmətli planların yerinə yetirilməsi ilə əlaqədar gərgin və məqsədyönlü işlər gözləyir.

Keçidlər