Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyi münasibətilə möhtəşəm Gül bayramı keçirildi
10 may 2015-ci il tarixdə Ucar rayonu Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 92 illik yubileyi münasibətilə möhtəşəm Gül bayramı keçirilmişdir. Əvvəlcə Ulu öndərin abidəsini ziyarət edən rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov və şəhər ictimaiyyəti nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri düzmüşlər. Gül bayramında Ucar rayonunda fəaliyyət göstərən orta məktəbin şagirdlərinin müxtəlif çiçək və otlardan, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar öz görünüşü və ifadəliliyi ilə seçilmişdir. Rayonun idarə və təşkilatlarının, ümumtəhsil məktəbləri kollektivlərinin, uşaq tərbiyə müəssisələri nümayəndələrinin hazırladıqları əl işlərindən ibarət sərgi və rəsm əsərləri göz oxşayırdı.
Tədbirdə Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov hamını bayram münasibətilə təbrik etdi. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir. Bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş meydan, güllərdən düzəldilmiş kompozisiyalar bu gözəl mənzərəyə tamaşa edənləri heyrətləndirirdi. Bayramda iştirak edən yaradıcı şəxslərin, məktəblilərin dahi rəhbərimizə həsr etdikləri sənət əsərləri də Ulu Öndərə olan tükənməz sevgisinin bariz nümunəsinə çevrilmişdi. Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov tərəfindən idmançılara diplom və hədiyyələr verildi.
Həmin tarixdə saat 19:00-da Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Bakıdan gəlmiş incəsənət ustalarının iştirakı ilə Gül bayramı böyük təntənə ilə qeyd olundu. Bayram tədbirində rayon camaatı kütləvi şəkildə iştirak edirdi.
Ulu öndərin 92-ci ildönümünə həsr olunmuş bayram tədbiri atəşfəşanlıqla başa çatdı.