Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 21-də Ucara gətirildi

21 may 2015 | 15:00

Azərbaycanı qarış-qarış gəzən “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli mayın 21-də Ucara gətirilib və burada minlərlə sakinin iştirakı ilə qarşılanma mərasimi keçirilib.

Məşəl şəhərin Koroğlu və Oğuz küçələrinin kəsişdiyi yerdə, Oyunların rəmzi qapısında qarşılandı və rayon sakini, ziyalı Tağı Məmmədov tərəfindən qəbul edildi.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Koroğlu küçəsi və Heydər Əliyev prospektindən keçməklə Ulu Öndərin adını daşıyan Mərkəzin qarşısındakı meydana gəldilər.

Məşqçi-müəllim Seymur Quliyev meydanda qurulan səhnəyə qalxaraq məşəli alovlandırdı.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq şahmatın rapid (sürətli) növü üzrə Avropa yarışlarının bürünc medalçısı, bu il İranda keçirilən şahmat üzrə beynəlxalq yarışlarda qızlar arasında birinci yerin qalibi Süsən Məmmədovaya verildi. S.Məmmədova isə çırağı birinci Avropa Oyunları başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təqdim etdi.

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin Ucara gətirilməsi ilə əlaqədar rayon sakini, ziyalı Alı Babayev təəssüratlarını bölüşdü: “Bu mərasim Ucarın tarixində çox mühüm bir hadisədir. Müqəddəs Atəşgahda alovlandırılan məşəlin ölkəmizi qarış-qarış gəzməsi hər şeydən əvvəl “Bakı-2015” ilk Avropa Oyunlarının möhtəşəmliyindən xəbər verir. Fəxr edirik ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda bu cür beynəlxalq tədbirə ev sahibliyi edir. Əlbəttə, Avropa Olimpiya Komitəsinin üzvü olan ölkələrin böyük əksəriyyətinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə səs verməsi heç də təsadüfi deyil. Bu, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi və xarici siyasət strategiyasının məntiqi nəticəsidir.”

Məşəl estafetini izləyən rayon sakini, həkim Səidə Ələkbərova isə dedi: “Məşəlin qarşılanma mərasimi biz ucarlılara da qismət oldu. “Bakı-2015” ilk Avropa Oyunları kimi möhtəşəm bir tədbirin doğma Azərbaycanımızda keçirilməsi, əlbəttə, ölkəmizin nüfuzundan irəli gəlir. Bu nüfuz isə heç də asanlıqla qazanılmır. Dünyanın iqtisadi böhran məngənəsi altında sıxıldığı bir zamanda Azərbaycanın dinamik inkişafı, sosial-iqtisadi sahədəki uğurları, tolerantlıq, sabitlik məhz həyata keçirilən siyasətin nəticələridir. Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu cür beynəlxalq tədbirlər hələ çox olacaq”.

Tədbirdə birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısında Ucardan Göyçaya yola salındı.

Keçidlər