Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar, Ağdaş və Zərdab rayonları üzrə 36 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının yeni inzibati binası istifadəyə verildi

18 sentyabr 2015 | 15:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ucar, Ağdaş və Zərdab rayonları üzrə 36 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) müasir standartlara cavab verən yeni inzibati binası sentyabrın 18-də istifadəyə verildi. 

Binanın açılışı münasibətilə keçirilən mərasimdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov bölgələrdə əhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlillik müayinələrinin müasir tələblərə uyğunlaşdırılması sahəsində işlərin davam etdirildiyini bildirib. O, hazırda nazirliyin nəzdində 38 regional TSEK-in fəaliyyət göstərdiyini və son bir ildə onların iş şəraitinin müasir tələblərə uyğun qurulması sahəsində müvafiq tədbirlərin görüldüyünü qeyd edib. Xidmət rəisi bildirib ki, artıq 31 bölgə üzrə TSEK-lər müasir iş şəraiti ilə təmin edilib. İlin sonunadək digər 7 bölgədəki komissiyalar da yeni iş şəraiti, ekspertiza cihazları, müasir avadanlıqlarla təmin ediləcəklər. Əsas məqsəd odur ki, vətəndaşlar bu komissiyalara müraciət edərkən normal iş şəraitində qəbul olunsunlar və keyfiyyətli xidmətlə təmin edilsinlər. TSEK-lər və nazirliyin eyni region üzrə digər yerli qurumlarının bir binada yerləşdirilməsi vətəndaşlara sosial müdafiə, məşğulluğun və əmək hüquqlarının təminatı, tibbi-sosial ekspertiza üzrə əlaqəli iş şəraitində eyni məkandan xidmətlər göstərilməsinə imkan yaradır. Habelə bu sahə ilə bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalaraq minimuma enib. 

İlqar Qurbanov tibbi-sosial ekspertiza xidmətində şəffaflığın təmin olunması, bu sahəyə nəzarətin gücləndirilməsi yönündə aparılan işlərdən danışıb. “Ölkəmizdə əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəriciləri yüksəlib, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron informasiya sistemi yaradılıb və bu sistem vasitəsilə əlilliyə dair məlumatların aidiyyəti qurumlar arasında elektron qaydada mübadiləsi təmin edilib. Hazırda həyata keçirilən islahat tədbirləri əlilliyin təyinində məmur-vətəndaş münasibətlərinin daha da azalması ilə nəticələnəcək”.

Tədbirdə nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, son dövrlər tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılması istiqamətində görülən işlər bu sahə ilə bağlı şikayətlərin kəskin azalmasına, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərilməsinə, əlillik müayinələrinin normal şəkildə aparılmasına şərait yaradıb. Prezident İlham Əliyevin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Fərmanı bu sahə ilə bağlı mühüm islahatların növbəti mərhələsinin başlanğıcıdır. Fərmanın uğurla icrası həm müasir informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsinə, həm də tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə gətirib çıxaracaq.   

Sonra tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, yeni iş şəraiti, müayinə avadanlıqları, vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətləri, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olublar. Komissiya üzvlərinə əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili, müraciət edən hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılması, əlilliyi olan şəxslərin reabilitasiyası işinin gücləndirilməsi məqsədilə nazirliyin bərpa müalicə mərkəzləri ilə əlaqəli fəaliyyətin daha səmərəli qurulması barədə tapşırıqlar verilib.

 

Keçidlər