Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirildi
10 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzinin iclas zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 12-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi olmasından, gördükləri böyük işlərindən danışmışdır.
İcra başçısı qeyd etmişdir ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.Bu 12 ildə ümummilli lider cismən bizimlə olmasa da onun ölməz ideyaları hər gün əlimizdən tutur və bizə düzgün yol göstərir.
Dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Rəna Hüseynova “Heydər Əliyev - müstəqil Azərbaycanımızın dövlətçilik tarixini yaradan dahi şəxsiyyət”, Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulov “Heydər Əliyevin Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü haqqında”, Bərgüşad kənd 1 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi İlahə Süleymanova “Heydər Əliyev və qadınlar siyasəti”, Alpı kənd tam orta məktəbin direktoru Rauf Məmmədov “Heydər Əliyev siyasəti uğurla davam edir” mövzularında çıxış etdilər.