Qaracallı kənd 1 saylı və 2 saylı tam orta məktəblərdə “Zərərli vərdişlər, erkən nikah və multikulturalizm” mövzusunda tədbir keçirildi
Ucar rayonu İcra Hakimiyyəti Başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya 20 Aprel 2016-ci ildə rayonun Qaracallı kənd 1 saylı tam orta və Qaracallı kənd 2 saylı tam orta məktəblərdə “Zərərli vərdişlər, erkən nikah və multikulturalizm” mövzusunda tədbir keçirmişdir. Tədbiri Komissiyanın məsul katibi Şükür Məmmədov açdı əvvəlcə cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olmuş hərbiçilərimizin və mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ş.Məmmədov yeniyetmələri maarifləndirən belə tədbirlərin əhəmiyyətindən və Komissiyanın bu sahədə gördüyü işlərdən eləcə də son dövrdə islam aləmində baş verən bir qrup radikalizm təriqətlərin yeniyetmələrdən öz maraqları naminə istifadə etdiklərini bildirdi.
Komissiyanın-məsləhətçi psixoloqu Sevil Zeynalova çıxış edərək bildirdi ki, erkən nikahla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 488 respondenti əhatə edən tədqiqatı nəticəsində məlum olub ki, aşkarlanan erkən nikahların təxminən 58 faizi qızların tam razılığı olmadan baş verib. 16 yaşınadək qızlar heç bir hüquqi zəmanət olmadan nikah qurur, çünki onların nikahı rəsmi qaydada deyil, dini qaydada qeydiyyata alınır. Bundan başqa, həmin qızlar sağlam ailənin qurulmasına töhfə vermək üçün müvafiq bacarıq və biliklərə malik deyillər və onların fiziki inkişafı da buna imkan vermir. S.Zeynalova daha sonra qeyd etdi ki, valideynlərin məsuliyyəti də çox böyükdür. Məncə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşımalıdır. Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir.