Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti Ucarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

30 oktyabr 2011 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyev bazar günü Ucar rayonuna səfərə gəlib.
Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, ərazi əsaslı surətdə yenidən qurulmuş, geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış, müasir park salınmışdır. Üç hektara yaxın sahəsi olan parkda dörd müasir fəvvarə, işıqlandırma sistemi quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir görkəm almış park ucarlılarla yanaşı, rayona gələn qonaqların da sevimli istirahət guşəsinə çevrilmişdir.
Parkın ərazisində ulu öndərin adının əbədiləşdirilməsi və onun xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərinin təbliği və gələcək nəsillərə çatdırılması üçün Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Şərq memarlıq üslubunda inşa olunan üçmərtəbəli mərkəzin tikintisinə 2009-cu ilin fevralında başlanmışdır. Şəhərin ümumi görünüşünə xüsusi gözəllik verən mərkəz ulu öndər Heydər Əliyevin zəngin həyat yolunu öyrənməyə, Azərbaycan tarixinin bütöv bir mərhələsinə nəzər salmağa imkan verir.
Prezident İlham Əliyev Heydər Əliyev abidəsinin müəllifi, Xalq Rəssamı Ömər Eldarov ilə görüşdü.
Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan mərkəzdə ümummilli liderin zəngin irsinə həsr olunmuş ekspozisiya zalı vardır.
Burada ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, eləcə də onun müxtəlif illərdə respublikamızın bölgələrinə, o cümlədən Ucar rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Zalda, həmçinin ulu öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün iki virtual tədris sinfi, kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə fəaliyyət göstərir.
Prezident İlham Əliyev mərkəzin akt zalına baxdı. Orijinal dizaynda yaradılan 200 nəfərlik zal rayon və respublika səviyyəli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Mərkəzin ikinci mərtəbəsində ümummilli liderin büstü ucaldılmışdır. Buradakı tədris siniflərində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti öyrənilməklə yanaşı, onun mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısı barədə məlumat veriləcəkdir.
Burada, həmçinin xarici dillər mərkəzi, xalça və rəsm studiyaları yerləşir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, bilik və bacarıqlarını inkişaf etdirmələri üçün kurslar da təşkil olunacaqdır. Bunun üçün internet sinfi və kompyuter mərkəzi qurulub.
Mərkəzin üçüncü mərtəbəsində müasir Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğu rəsm qalereyası fəaliyyət göstərir. Gələcəkdə burada müxtəlif sərgilərin təşkili də nəzərdə tutulub.
 

Keçidlər