Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan hüquqları üzrə müvəkkil (OMBUDSMAN) Elmira Süleymanova Ucar rayonunda ictimai dinləmə keçirdi

25 iyun 2016 | 16:00

25 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il     27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı İnsan hüquqları üzrə müvəkkil (OMBUDSMAN) Elmira xanım Süleymanova Ucar rayonunda ictimai dinləmə keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin Başçısı və OMBUDSMAN Elmira xanım Süleymanova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydular.

Rayon İcra Hakimiyyətinin, Başçının ərazi üzrə nümayəndələrinin, məhkəmə, polis, prokurorluq orqanlarının, bələdiyyə sədrlərinin,  yerli qeyri hökumət təşkilatlarının, dini icma sədrlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən  yığıncağı açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov çıxışında qeyd etdi ki, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi dövlət siyasətinin ən başlıca xəttini təşkil edir və rayonda Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrlə əlaqədar qanunamüvafiq tədbirlər həyata keçirilir. Vətəndaşların müraciət etmək imkanlarının  genişləndirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin saytında elektron müraciət linki yaradılıb, mail@ucar-ih.gov.az elektron poçt ünvanı vəzifəsi vətəndaşların müraciətləri qəbul edilir. Həmçinin başçının inzibati ərazi vahidlərində səyyar qəbulları keçirilir, qaldırılan problemlər operativ həll olunur.

Yığıncaqda OMBUDSMAN Elmira xanım Süleymanova çıxış edərək bildirdi ki, bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. İnsan hüquqları müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən, onları insaniləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.

Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün  ciddi səylər göstərir.

2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.

İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə  Azərbaycan Respublikası Prezidenti 2011-ci il 27 dekabr 1938 saylı sərəncamı ilə təşkil edilmiş “Azərbaycan Respublikasında insan hüquq və  azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” uğurla həyata keçirilir, keçirilməsi davam edəcək.

Daha sonra Milli Fəaliyyət Proqramı ilə əlaqədar iştirakçıların təklifləri cavablandırılmışdır.

Keçidlər