Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun yaradılması üçün Ucar rayonunda ilkin təşəbbüsçülərin toplantısı keçirildi
28 iyul 2016-cı il tarixdə, saat 10:00-da YAP Ucar rayon təşkilatının Qərargahında Referendum üzrə “Yeni Azərbaycan” Təşviqat Qrupunun yaradılması üçün ilkin təşəbbüsçülərin toplantısı keçirilmişdir.
Tədbiri YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq gündəlikdə duran məsələlər barədə yığıncaq iştirakçılarını məlumatlandırdı.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının Layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamının respublikamız üçün faydalılığından danışaraq bildirdi ki, istər qanunvericilik, istər icra, istər vətəndasların hüquq və azadlıqları, onların təhlükəsizliyinin təminatı ilə bağlı müəyyən məsələlərin konstitusion normalarla möhkəmləndirilməsi zərurəti yaranır. Bu baxımdan irəli sürülən Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum aktı günün tələbidir.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynov çıxış edərək qeyd etdi ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycan Respublikasında gedən inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətinin, Azərbaycanı beynəlxalq aləmdə nüfuzunun artmasından irəli gələn dəyişikliklərdir.
Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov çıxışında vurğuladı ki, “Yeni Azərbaycan” təşəbbüs qrupunun apardığı işlər öz müsbət nəticəsini verəcək, seçicilərin böyük əksəriyyəti Konstitusiyada təklif olunan dəyişiklikləri müdafiə etməklə bəyənəcəklər.
53 nəfərdən ibarət Refrendum üzrə ilkin təşəbbüs qrupu yaradıldı və 5 nəfər təşəbbüs qruplarında təmsil olunmaq üçün nümayəndələr seçildi.