02 fevral Gənclər Günü münasibətilə Ucar rayonunda tədbir keçirilmişdir
02 fevral Gənclər Günü münasibətilə Ucar rayonunda keçirilən tədbirdə tələbələr, gənc mütəxəssislər, bilik və idman yarışlarının məktəbli qalibləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Toplantıda rayon İcra Hakimiyyəti Başçısının müavini Nadir Mirzəliyev əsası ulu Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gündə uğurla və yaradıcı şəkildə davam etdirildiyini bildirib. Qeyd edib ki, yeni nəslin fiziki və mənəvi inkişafına yaradılan şərait nəticəsində gənclərin müxtəlif sahələrdə əldə etdikləri uğurlar ilbəil artır. Ötən il orta məktəb məzunlarından 143 nəfəri müxtəlif ali məktəblərə qəbul olunub. Onlardan 6 nəfəri 600-dən çox bal toplayıb. Məktəblilər “Cəsurlar” və “Şahin” hərbi idman və turizm oyunlarının müxtəlif mərhələlərində uğurla iştirak ediblər. Ötən il rayonda yeni idman zallarının istifadəyə verilməsi ilə də yadda qalıb. Ucarlı idmançılar müxtəlif idman turnirlərdə də nailiyyətlər əldə ediblər. İsveçin Stokholm şəhərində keçirilən beynəlxalq şahmat turnirində İradə Əhmədova 12 yaşlı qızlar arasında bürünc medal qazanıb. Para-taekvando üzrə Arubanın Santa-Kruz şəhərində keçirilən dünya çempionatında Aynur Məmmədova 57 kiloqram çəki dərəcəsində qızıl medala layiq görülüb. Tədbirdə Ucar rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov məlumat verib ki, Olimpia kompleksinin və Gənclər Evinin tikintisi nəzərdə tutulub. Sonra müxtəlif sahələrdə fərqlənən 30 gənc mükafatlandırılıb. Bayram toplantısı konsert proqramı ilə davam etdirilib.