Ucarlılar şəhidlərin əziz xatirəsini yad etdilər
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Ucar rayonunda da qeyd olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 30 dekabr 2016-cı il tarixli, 117 nömrəli Sərəncamına uyğun olaraq rayonda faciənin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Yanvar ayının 19-da rayon Mədəniyyət evində “20 Yanvar-Azadlığa aparan yolun zirvəsi” adlı kompazisiyada Respublika Bilik fondunun Ucar rayonu üzrə nümayəndəsi, şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov 27 il əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətdən danışaraq qeyd edib ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, cinayətkarların əməlinə siyasi-hüquqi qiymət verilməsini tələb etdi.
Xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini aldığı, dünyaya hadisənin əsl mahiyyətinin çatdırıldığı qeyd olunub.
Rayon məktəblilərinin ifasında şeirlər söylənilib, kompazisiyalar təqdim olunub.
20 Yanvar günü rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri şəhidlər xiyabanında şəhid məzarları üstünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsinə “Qurani-Kərim” oxunub.