Ucar rayonunda sosial-iqtisadi sahədə görülmüş işlər və 2017-ci ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı M.H.Məmmədovun hesabat iclası keçirilmişdir
Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun məruzəsində 2016-cı ildə görülmüş işlər ətraflı təhlil edilmişdir.
Qeyd olunmuşdur ki, ölkəmizdə kənd təsərrüfatında aparılan islahatlar Ucar rayonunda ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan verib. Hesabat ilində 1490 kiloqram barama tədarük olunub. Bu sahənin inkişafı üçün 70 min ədəd tut tingi əkilib. Həmçinin ötən il rayonda 510 hektarda pambıq əkilib. Cari ildə isə artıq 117 nəfər fermer və fiziki şəxs pambıqtəmizləmə zavodu ilə müqavilə bağlayıb və əkin üçün 2500 hektar sahədə dondurma şumu çıxarılıb.
Mühüm strateji məhsul olan taxılçılıqda da uğurlu nəticələr qazanılıb. Belə ki, ötən il 11 min 701 hektar sahədən 29 min 414 ton məhsul götürülüb. Bu, inişilki göstəricilərdən 238 ton çoxdur.
Rayonda aqrar sektorun əsas sahələrindən olan heyvandarlıqda da nəticələr diqqətəlayiqdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır.
Prezident cənab İlham Əliyevin 2015-ci il 8 oktyabr tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə ayrılan 3 milyon manat vəsait hesabına 25 ədəd çoxmərtəbəli ictimai yaşayış binasında əsaslı təmir işləri aparılıb. Ötən il “Qarant Aqro” MMC-nin Qazıqumlaq kəndində istehsal gücü saatda 10 ton olan yem istehsalı zavodu istifadəyə verilib, yollar təmir edilib. Hazırda 100 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina, baytarlıq laboratoriyası tikilir.
“Mavi yanacaq”la normal təminatı, su təchizatı, təhsil, səhiyyə, mədəniyyət xidmətləri sahələrində görülən işlər, habelə qarşıda duran vəzifələr də geniş təhlil olunub.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı, rayon Prokuroru Elşən Abdullayev, Ucar bələdiyyəsinin sədri Rəhman Səfərov, sahibkar Feyruz Abdullayev qarşıda duran vəzifələr haqqında çıxış etdilər.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov və Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış ediblər. Natiqlər ölkədə qeyri-neft sektorunun inkişafı, aqrar sektorda aparılan islahatlar, bu sahədə Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışıblar.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.