Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ucarda vətəndaşları qəbul etdi

24 fevral 2017 | 16:00

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı 24 fevral 2017-ci il tarixdə Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı və rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov ümummili lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.

Qəbuldan sonra rayon ziyalılarının iştirakı ilə “İslam Həmrəyliyi: Müasir Çağırışlar və Dini Maarifləndirmə” mövzusunda regional konfrans keçirildi.

Konfransı rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi təşəbbüsü müsəlman dünyasında İslam həmrəyliyinə çağrış kimi qiymətləndirilir. Bunun Azərbaycan üçün ictimai, siyasi, sosial, iqtisadi əhəmiyyəti var. Çünki, İslam dünyasında həmrəylik təkcə dinlə bağlı deyil. Bu gün İslam dünyasına qarşı müəyyən təzyiqlər müşahidə edirik. Bu baxımdan müsəlman ölkələrinin iqtisadi, siyasi, mədəni sahələrdə birliyi zəruridir.

Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği bu gün qarşıda duran ən vacib məsələlərdəndir. Çünki hazırda dünyada islam dinini radikalizmə sürükləmək meyilləri artmaqdadır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır ki, bu günkü tədbir də məhz bu vacib məsələyə həsr olunmuşdur.

Mövzu ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri cənab Mübariz Qurbanlı çıxış etdi. Natiq qeyd etdi ki, Dövlət Başçısının 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi  2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi bütün  dünyada  “Bir-birimizə qarşı dözümlü olaq, hörmətlə yanaşaq, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Azərbaycanın dövlət-din modelinin uğuru həm də  ondan ibarətdir ki, dünyada dinlərarası və məzhəblərarası qarşıdurmaların  baş verdiyi  müasir dövrdə ölkəmizdə bu sahədə  heç bir gərginlik  yaşanmır. Odur ki, biz də  öz işimizi bu istiqamətdə qurmalı, onların fəaliyyətini nəzarətdə saxlamalıyıq.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi cənab Əli Məmmədov çıxışında  dövlət-din münasibətlərinə toxunaraq ölkə Prezidentinin onlara göstərdiyi qayğının təzahürü olaraq bütün məscidlərdə sərbəst şəkildə ibadət edildiyini, məscidlərin bir çoxunun dövlət tərəfindən müasir şəkildə təmir olunduğunu qeyd etdi.

Keçidlər