15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik konfrans keçirildi
13 iyun 2017-ci il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyəti və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular.
Dövlət Himni səsləndirildikdən sonra şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Rəna Hüseynova “15 iyun 1993-cü il tarixədək müstəqil Azərbaycanda vəziyyət”, Alpı kənd tam orta məktəbin direktoru Rauf Məmmədov “15 iyun 1993-cü ildən başlanan zəfər tarixi haqqında”, Qarabağ əlilləri, şəhid ailələri və veteranları ictimai birliyi rayon təşkilatının sədri Rahib Rəsulov “Heydər Əliyev və ordu quruculuğu haqqında”, şəhər 5 saylı tam orta məktəbin direktoru, “Bilik” fondunun rayon üzrə nümayəndəsi Hakim Nəcəfov “Heydər Əliyev ən böyük Azərbaycanlı” mövzularında çıxış etdilər.
Çıxışlarda vurğulandı ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.
15 iyun - Qurtuluş günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi".
Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır"! Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlayacaqdır...