05 oktyabr-Müəllim Gününə həsr olunmuş yığıncaq keçirildi
04 oktyabr 2017-ci il tarixdə YAP Ucar rayon təşkilatının iclas zalında rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 05 oktyabr-Müəllim gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Yığıncağı rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov açaraq qeyd etdi ki, Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğı xüsusi yer tutub, ölkədə təhsil sahəsində yaddaqalan uğurlar qazanılıb.
YAP ərazi təşkilatının sədri Yeganə Süleymanova, müəllimlərdən Yeganə Hüseynli, Rauf Məmmədov, Züleyxa Qurbanova çıxış edərək ümummilli lider Heydər Əliyevin müəllim peşəsini yüksək qiymətləndirməsindən, müəllim peşəsini seçməkdən qürur duyduqlarını qeyd etdilər.Respublika Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər.
Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva çıxış edərək bildirdi ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib. Ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşır.
Bir qrup müəllimə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı, bir qrup müəllimə YAP rayon təşkliatının hədiyyələri təqdim olundu.