“12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası gününə” həsr olunmuş tədbir keçirildi
10 noyabr 2017-ci il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzində “12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası gününə” həsr olunmuş tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov açaraq qeyd etdi ki, müstəqil Azərbaycanımızın həyatında baş verən bütün mühüm hadisə təqvimdə yer alıb. Belə günlərdən biri də 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası günüdür. Konstitusiya cəmiyyətin sütunudur, desək yanılmarıq. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Konstitusiyasının mətnində demokratik inkişaf, hüquqi dövlətçilik, hakimiyyət bölgüsü, insan haqlarına təminat və s. məsələlərə dair mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətləri əks tapmışdı. Eyni zamanda, bu, Azərbaycanın müstəqil dövlətçilik tarixinin ilk Əsas Qanunu oldu.
Şahlıq kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulov “Konstitusiyalar haqqında məlumat”, şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov “Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi haqqında”, şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Ülkər İsmayılova “Konstitusiya və qadın azadlığı”, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov “Konstitusiya və hüquq və azadlıqlarımız” mövzularında edilən məruzələrdə qeyd olundu ki, 1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanunun qəbulu təkcə ölkədə yeni hüquqi bazanın yaradılması demək deyildi. Bu, mahiyyət etibarilə Azərbaycanda müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin açılması idi.