"Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın növbəti mərhələsində məktəblilər yola salındı
11 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın növbəti mərhələsində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər məktəblisi Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıblar. Yeniyetmələr üç gün ərzində bu bölgələrin tarixi və mədəni abidələri, qoruqları, turizm guşələri və sənaye müəssisələri ilə yaxından tanış olacaqlar.
Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirakı ilə keçirilən yola salma mərasimində Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək bildirdi ki, bu aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının mühüm təzahürüdür.
Ucar şəhər 1 saylı məktəb-liseyin şagirdi Elvina Xəlilova, şəhər 2 saylı tam orta məktəbin şagirdi Vaqif Səməndərov, şəhər 3 saylı tam orta məktəbin şagirdi Orxan Cəlilov, valideyn Ceyhun Əliyev çıxış edərək tur-aksiyaların təşkili üçün Ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.
Musiqi çələngi alqışlarla qarşılandı.
Daha sonra məktəblilər ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, 3 gün davam edəcək tur aksiyada şagirdləri 4 müəllim və 1 həkim müşahidə edəcək.