Fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim Nadir Süleymanovun 85 illik yubileyi keçirilmişdir
23 dekabr 2017-ci il tarixdə Ucar şəhər mərkəzində yerləşən Aran sarayda Fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim Nadir Süleymanovun 85 illik yubileyi keçirilmişdir.
Fizika–riyaziyyat elmləri doktoru, Əməkdar Müəllim Nadir Süleymanov funksional analiz, diferensial tənliklər və ehtimal nəzəriyyəsi sahəsində görkəmli mütəxəssis, tanınmış elm xadimidir. Onun əldə etdiyi elmi nəticələr diferensial tənliklərin keyfiyyət nəzəriyyəsində tamamilə yeni elmi-tədqiqat istiqaməti açıb. Bu nəticələri almaq üçün o, ehtimal nəzəriyyəsi əsasında yeni bir elmi-tədqiqat metodu işləyib hazırlayıb. Beləliklə, Nadir Süleymanov nəinki diferensial tənliklər üçün yeni növ teoremlər əldə edib, həm də tam funksiyalar sahəsində yeni, daha dəqiq və ümumi elmi nəticələrə nail olub. Alimin ən böyük uğuru Evolyusion tənliyin həlli üçün yeni növ qiymətləndirmələrin – Viman-Valeron tipli nəticələri almasıdır.
Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun çoxsaylı alimlərinin iştirak etdiyi tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, ADU-nun professorları Rasim Nəbiyev, politoloq Məcid Əfəndiyev, Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Nizami Məmmədov, rayon Ağsaqqal Şurasının sədri Nurəddin Xəlilov, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov çıxış edərək yubilyarın keçdiyi zəngin həyat yolu, elmi uğurları barədə danışdılar.
Qeyd olundu ki, Nadir Süleymanov 1932-ci ildə Ucar rayonunun Rəstəcə kəndində anadan olub. Ucar şəhər orta məktəbini bitirdikdən sonra 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunub. “İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda yazdığı diplom işinə görə ona SSRİ Ali Təhsil Nazirinin birinci mükafatı və Fəxri Fərmanı verilib.
1956-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda kiçik elmi işçi olub, 1959-1962-ci illərdə Moskva Dövlət Universitetində aspiranturada oxuyub, məşhur riyaziyyatçı, professor Qeorqi Şilovun elmi rəhbərliyi ilə “Diferensial-operator tənliklər üçün yarım fəzada korrekt sərhəd məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1965-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, 1970-1975-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifəsində çalışıb, daha sonra Moskva Dövlət Universitetində doktorant olub. 1982-ci ildə “Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr və diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. 1984-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, sonra “Ehtimal nəzəriyyəsi” kafedrasının müdiri, daha sonra “Funksional analiz” kafedrasında professor vəzifələrində çalışıb. 2014-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi – professorudur.
Görkəmli riyaziyyatçı alim 80-dən çox elmi məqalənin, tezislərin, dərs vəsaitinin, monoqrafiyanın müəllifidir. 2012-ci ildə onun “Ehtimal, tam funksiya və Evolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası Moskva Dövlət Universitetinin nəşriyyatında çapdan çıxıb. O, əsəri MDU-da nəşr olunan ilk azərbaycanlı alimdir.
Nadir Süleymanov çoxlu elmlər namizədi yetişdirib, bir tələbəsi isə elə bu günlərdə Ehtimal nəzəriyyəsi üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib.
Görkəmli alim hazırda da elmi işlərini davam etdirir, habelə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Bu il media tərəfindən ona “İlin alimi” fəxri adı verilib. Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatını yaradanlardan biri olub.
2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Nadir Süleymanova “Azərbaycanın Əməkdar Müəllimi” fəxri adı verilib.
Yubiley mərasimində çıxış edənlər həm Nadir Süleymanovun alim kimi zəhmətsevərliyindən, həm də yüksək insani keyfiyyətlərindən danışıblar.
Sonda ürək sözlərini dilə gətirən yubilyar ona göstərilən diqqət və qayğıya, xoş sözlərə görə dərin təşəkkürünü və minnətdarlığını bildirib.