Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Ucarda ictimai dinləmələr keçirmişdir

25 aprel 2013 | 15:00

İctimai dinləmədə Milli Məclisin bu rayon üzrə seçilmiş deputatı Elton Məmmədov, rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak etmişlər. İnsan Hüquqları üzrə Müvəkkil və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, ulu öndərin heykəli önünə tər çiçəklər qoymuşlar. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov tədbiri açaraq, Ombudsmanı salamlamış, bu ictimai dinləmənin əhəmiyyətini vurğulayaraq, öz məruzəsində ölkə Prezidentinin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən bu rayonda abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirmişdir. O, rayonda son dövrdə Heydər Əliyev Muzeyinin, yeni inzibati binaların, yeni məktəblərin və səhiyyə obyektlərinin, o cümlədən Qazıqumlaq kəndində Heydər Əliyev adına 2 saylı məktəbin və Zərifə Əliyeva adına xəstəxananın tikildiyini, Heydər Əliyev Mərkəzinin, şahmat məktəbinin tikintisinin davam etdiyini, Taxıl terminalının tikintisinin nəzərdə tutulduğunu, parkların salındığını, su-kanalizasiya sisteminin, yolların çəkildiyini, rayonun işıq və qazla təmin olunduğunu, yerli sahibkarlara və fermerlərə geniş imkanlar yaradıldığını diqqətə çatdırmışdır. Məruzəçi habelə insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülmüş işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu, müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat vermişdir. Ombudsman yeni dərs ilinin başlaması münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirmişdir. O, ölkəmizin digər rayonları kimi, Ucar rayonunun da inkişafını vurğulamış, buradakı ictimai dinləmənin əhəmiyyətini qeyd edərək, Azərbaycanda insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. Müvəkkil ölkəmizdə, o cümlədən bu rayonda Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, əhalinin rifahının daha da yaxşılaşdığını, bu günlərdə dövlət başçısının müvafiq sərəncamlarına əsasən, minimum aylıq əməkhaqqının və yaşa görə əmək pensiyasının baza hissəsi məbləğlərinin 2010-cu il sentyabrın 1-dən 85 manata qədər müəyyən edilməsinin, habelə müəllimlərin, səhiyyə işçilərinin əməkhaqlarının və şəhid ailələrin müavinətlərinin artırılmasının əhəmiyyətini bildirmişdir. E.Süleymanova eyni zamanda torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, nəticədə bir milyona yaxın soydaşımızın öz yurdunda qaçqın və məcburi köçkünə çevrildiyini, kütləvi şəkildə insan hüquqlarının pozulduğunu bildirmişdir. O, dövlət tərəfindən bu insanların problemlərinə diqqət yetirildiyini, ölkə Prezidentinin bu sahədə uğurlu fəaliyyəti nəticəsində bütün qaçqın düşərgələrinin ləğv olunduğunu, oradan məcburi köçkünlərin yeni tam infrastrukturla təmin olunmuş qəsəbələrə də köçürüldüyünü, onların sosial rifahının yaxşılaşdığını qeyd etmişdir. Ombudsman Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı 1988-ci ildə dünyaya gələn və şəhidlik zirvəsinə ucalması 18 iyun – Milli insan hüquqları gününə təsadüf edən Milli qəhrəmanımız Mübariz İbrahimovun şücaətini vurğulayaraq, onun ailəsinə yazdığı son məktubu iştirakçılara çatdırmış, bu igid, milli qəhrəman gizirin gənclərimizə nümunə olduğunu söyləmişdir. Müvəkkil ölkəmizdə, o cümlədən bu rayonda uğurla icra olunan MFP, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti, Müvəkkilin barışdırıcılıq missiyasını da həyata keçirdiyi barədə ətraflı məlumat vermişdir. Həmçinin ölkəmizdə İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) funksiyalarının icrası məqsədilə Ombudsmanın və onun tapşırığına əsasən, Aparatın əməkdaşlarının müntəzəm olaraq azadlıqdan məhrumetmə və məhdudlaşdırma yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə psixiatriya xəstəxanalarına, ahıllar, əlillər və uşaqlar üçün internat məktəblərinə, uşaq evlərinə və pansionatlara başçəkmələr həyata keçirildiyi diqqətə çatdırılmışdır. E.Süleymanova qarşıdan gələn Parlament seçkilərini, seçki kampaniyasına start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırmışdır. O, son bələdiyyə seçkilərindən sonra bələdiyyə üzvü olan qadınların sayının bir neçə dəfə artdığını müsbət hal kimi qiymətləndirmiş, onlara bu vəzifədə daha məsuliyyətlə çalışmağı, bu qurumların işini təkmilləşdirməyi, icmaları səfərbər etməyi, müsbət xarici və yerli təcrübəni öyrənməyi tövsiyə etmişdir. Tədbirdə Ombudsman bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarmışdır. 91 saylı DSK-nın sədri seçki prosesinə start verildiyini, namizədlərin irəli sürülməsi kampaniyasına başlanıldığını, MSK tərəfindən təqvim planının təsdiq olunduğunu, Seçki Məcəlləsi və müvafiq təlimatlara uyğun olaraq iş aparıldığını, seçki komissiyaları üçün təlimlər təşkil edildiyini, seçki məntəqələrinin yaxşı binalarda yerləşdirildiyini və orada lazımi şəraitin yaradıldığını, seçki hüquqları sahəsində müntəzəm olaraq maarifləndirmə işinin təşkil olunduğunu, həmçinin seçici siyahılarının təkmilləşdirildiyini, mütəmadi olaraq məlumatların dərc edildiyini və yayıldığını, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti haqqında məlumatları qeyd etmişdir. Müzakirələrdə rayon hakimi, sahibkarlar, gənclər, rayonun fəalları və digər iştirakçılar çıxış edərək, burada MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durumun sabitliyi, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat vermişlər. Eyni zamanda bir sıra problemlər, o cümlədən müvafiq qanunvericilikdə güzəştlərlə bağlı bəzi boşluqların olması, məhkəmə qərarlarının icrasında çətinliklər, alimentlərdən boyun qaçırma səsləndirilmişdir. Müvəkkil həmçinin tədbir iştirakçılarının bəzilərinin şikayət və müraciətlərini dinləmiş, onların məsələlərini öyrənərək, müvafiq tövsiyələr vermişdir. Ombudsman səsləndirilmiş problemlərin həllində və MFP-nin icrasında dövlət orqanları, bələdiyyələr, QHT və icmaların birgə səylərinin, insan hüquqlarının təbliğində kütləviliyin, bu sahədə əhali ilə səmərəli iş aparılmasının, hər bir kəsin öz peşəsini yerinə yetirərkən insan hüquqlarına diqqətin artırmasının, sağlam həyat tərzinin təbliğinin, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsinin, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinin diqqətdə saxlanmasının, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinin, QHT-lərin sayının artırılmasının, vətəndaş cəmiyyəti və icmaların daha fəal olmasının, əhali arasında hüquqi maarifləndirmənin zəruriliyini, erkən nikahların, qız uşaqlarının təhsildən yayınmasının, uşaq əməyi istismarının yolverilməzliyini və bu problemlərə daha çox diqqət yetirilməsinin, ictimai qınağın zəruriliyini vurğulamışdır. O, habelə vətəndaşların seçki hüquqlarının müdafiəsinə diqqət yetirilməsinin, onların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, bu sənədlərin etibarlılıq müddəti ilə bağlı vaxtında dəyişdirilməsinin, sərbəst toplaşaq azadlığının həyata keçirilməsinə şərait yaradılmasının zəruriliyini, seçkilərin azad və demokratik keçirilməsi üçün hakimiyyət orqanları və polisin müdaxilə etməsinin, vətəndaşlara qarşı qeyri-etik davranışın, zorakılığın yolverilməzliyini qeyd etmişdir. Rayon rəhbərliyi və digər iştirakçılar ictimai dinləmənin təşkilinə, sakinlərə göstərdiyi diqqətə, səmərəli təklif və tövsiyələrə görə Müvəkkilə təşəkkür etmişlər. Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının və bir sıra dövlət qurumlarının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulamış, MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilmiş yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, təsisat tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur. Sonra Müvəkkil millət vəkili, Rayon İcra Hakimiyyətinin başçısı, hakimi və prokuroru ilə birgə şikayətçiləri qəbul etmiş, onların müraciətlərini araşdırmış və müvafiq tövsiyələr vermiş, bir sıra müraciətlər araşdırılması üçün qəbul olunmuşdur. Ombudsman Rayon rəhbərliyi ilə birlikdə Qazıqumlaq kəndində əsaslı təmir edilmiş Heydər Əliyev adına 2 saylı məktəbdə olmuş, müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, müasir əyani vəsaitlərlə və dərs ləvazimatları ilə təchiz olunmuş sinif otaqlarına və fənn kabinetlərinə baxış keçirmiş, dərs ilinə hazırlıq vəziyyətini yoxlamış, təhsil hüquqları ilə bağlı müvafiq tövsiyələr vermişdir. E.Süleymanova həmçinin bu kənddəki Zərifə Əliyeva adına xəstəxanaya getmiş, müasir avadanlıqla təchiz olunmuş reanimasiya və anesteziologiya, cərrahiyyə, doğum və digər şöbələrə baxış keçirmişdir. Baş həkim tərəfindən xəstəxananın fəaliyyəti barədə məlumat verilmiş, xidmətlərin, o cümlədən cərahiyyə əməliyyatının tam pulsuz olduğu qeyd edilmişdir. Müvəkkil bir sıra seçki məntəqələrinə də baxış keçirmiş, məntəqə seçki komissiyalarının üzvlərinə seçki hüquqları ilə bağlı tapşırıqlar vermişdir. Ombudsman səfər çərçivəsində MPM funksiyalarının icrası məqsədilə müvafiq standartlara uyğun Ucar Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, saxlanılan şəxslərlə söhbət aparmış, onlara hüquqlarını izah etmişdir. Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməmişlər. Müvəkkil saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr vermişdir. Müvəkkil Polis Akademiyasının nəşr etdiyi “İnsan hüquqları və polis”, “Hüquq-mühafizə orqanları əməkdaşlarının davranış məcəlləsi” vəsaitlərini RPŞ-nin rəhbərliyinə təqdim etmiş və bu vəsaitlərin öyrənilməsini, treninqlərdə və təlimlərdə istifadə olunmasını, təcrübədə tətbiqini tövsiyə etmişdir.

Keçidlər