Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Ucar rayonunda yığıncaq keçirildi.
Martın 28-də Ucar rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar geniş yığıncaq keçirilib.
Yığıncaqda Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Məmmədov, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıq fəaliyyəti ilə məşğul olan təsərrüfat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək bildirdi ki, 2018-ci il 26 mart tarixdə Bərdə rayonunda Cənab İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirildi. Müşavirədə Ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verdi. Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Həmin dövrlərdə pambıqçılığa Ucar rayonunda da xüsusi diqqət ayrılmışdır. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdiriləcəyini bildirdi..Cənab Prezident pambıqçılığın inkişafına böyük vəsait sərf olunduğunu, operativ olaraq bütün lazımi tədbirlərin görüldüyünü, suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlərin görüldüyünü, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikasının alınıb ölkəyə gətirildiyini qeyd etdi. Mənsur Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin ixrac yönümlü məhsullardan və insanların sosial həyatında mühüm rolu olan pambıqçılığın inkişafı sahəsində qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Ucar rayonunda müəyyən işlər görülmüş, pambığın əkin sahəsi ilbəil artırılmışdır. 2018-ci ildə 2500,0 hektar pambıq əkilməsi nəzərdə tutulmuş, bunun üçün su təminatı olan münbit sahələr seçilmiş, istehsalçılarla pambıq əkini ilə əlaqədar müqavilələr bağlamışdır. Pambıqçılığın maddi texniki bazasını möhkəmləndirmək üçün əlavə səpin və becərmə texnikaları alınmışdır. Səpinin optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci on günlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün hazırlıq tədbirləri görülmüşdür.İstehsalçılar hər hektardan 20,0 sentiner məhsul götürülməsini qarşılarına məqsəd qoymuşlar.
Yığıncaqda Ucar Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Əbil Mehtiyev, Ucar Suvarma Sistemləri İdarəsinin rəisi Müşfiq Məmmədov, “Ucar MKT” filialının direktoru Şaban Səmədov, Təzə Şilyan kəndindən fermer Saleh Yusifov, Xələc kəndindən fermer Ələsgər Qasımov, Qaradağlı kəndindən fermer Sahib Abdullayev və başqaları çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Rüfət Məmmədov çıxış etdi.
Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirilib.