Ucar rayonunda İlk dəfə səsverən gənclərlə maarifləndirici görüş keçirildi
09 aprel 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində ilk dəfə səsverən gənclərlə dəyirmi masa ətrafında görüş keçirildi.
Tədbirə giriş sözü ilə başlayan Rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov bildirdi ki, seçkilərdə xüsusilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işlərinin aparılması, gənclərin seçkilərdə fəallığının təmin edilməsi bügun qarşıda duran vəzifələrdəndir və tədbirin əsas məqsədi seçki prosesi haqqında ilk dəfə səsverənləri məlumatlandırmaq və onlarda fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdan ibarətdir.
Hər kəsə məlumdur ki, seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Seçkilər zamanı hakimiyyət faktiki olaraq, seçki məntəqələrinə gedərək namizədlərə səs verən xalqın əlinə keçir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Odur ki, ölkənin taleyinin həll olunduğu bir məsələyə biganə qalmaq olmaz.
Tədbirdə Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov, Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev, “Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi” İctimai Birliyinin sədri Ülvi Qəhrəmanzadə və ilk dəfə səs verən gənc Anar Manafov çıxış etdilər.
Görüşdə səsvermə günü şəxsin necə səsverməsi, seçki hüququndan düzgün istifadə etmə qaydaları, ümumilikdə seçkinin əhəmiyyəti, ölkənin iqtisadi-siyasi mənzərəsində əldə edilmiş uğurlar, gənclərin inkişafı üçün görülən işlər və digər aktual məsələlər müzakirə edildi.
Sonda ilk dəfə səsverən gənclərə 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində iştirak etmək, vətəndaşlıq borcunu layiqincə yerinə yetirmək və ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bu siyasi kampaniyada yüksək fəallıq göstərmək üçün müraciət olundu.