“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib
Aprelin 19-u və 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilib.
Seminar-treninqin birinci günündə Ucar və Göyçay rayonlarında fəaliyyət göstərən məscidlərin imamları, imam müavinləri, dini icma sədrləri və dindarlar iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, respublikamızda həyata keçirilən din siyasətinin əsas mahiyyəti dini etiqad, vicdan azadlığının təmin edilməsidir. Bununla yanaşı, konfessiyalararası münasibətləri, dinlərarası dialoqu, tolerantlıq mühitini qoruyub saxlamaq əsas prioritet istiqamətlərdən biridir. Dövlət Komitəsi sədrinin müavininin sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də tam hüquqi qanunvericilik bazası formalaşdırılıb. Azərbaycan dünyəvi dövlət olsa da, dövlətimiz bütün dinlərə eyni münasibət sərgiləyir, tolerant və multikultural dəyərləri təşviq və təbliğ edir.
Dövlətin dinə və dindarlara qayğısından da bəhs edən G. İsmayılov deyib ki, ölkəmizdə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu qayğının bariz numunəsidir.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Göyçay rayonu üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov Azərbaycanda mövcud olan tolerantlıq mühitini yüksək qiymətləndiriblər.
Rayonun ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və aktiv gənclərin iştirak etdiyi seminar-treninqin ikinci gününü giriş sözü ilə açan Ucar RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Bayramov mövzunun əhəmiyyətindən danışıb. O, eyni zamanda rayonda keçirilən dini maarifləndirmə tədbirlərinin önəminə də toxunub.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, ölkəmizdə tarixən mövcud olan tolerantlıq ənənələrinin qorunması və təşviqi, eyni zamanda dini radikalizm və dini ekstremizmlə ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə silsilə tədbirlər həyata keçirilir. G.İsmayılov vurğulayıb ki, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır. Natiq yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliğinin mühüm rol oynadığını da qeyd edib. Onun sözlərinə görə, ənənəvi İslam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır və dinin siyasiləşdirilməsi yolverilməzdir.
Sədr müavini deyib ki, ideoloji müstəvidə din sahəsində mövcud olan problemlərdən biri də dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır. Dini kimlik dedikdə İslam, milli kimlik dedikdə isə azərbaycançılığın nəzərdə tutulduğunu deyən natiq təəssüflə qeyd edib ki, bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar.
G. İsmayılov sonda dini radikalizmin təsirlərindən qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının vacibliyini diqqətə çatdırıb.
Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini durum sabitdir və respublikamız dünyaya multikulturalizm ixrac edən ölkə kimi tanınmaqdadır.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanda dövlət-din münasibətlərinin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıblar.
İki gün davam edən seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması və müzakirələrlə yekunlaşıb.