Ucar rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir
Ucar rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfrans Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan möhtəşəm mərkəzdə keçirilərək, “2012-2013-cü tədris ilinin yekunları, yeni tədris ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfransın məqsədi və məramı təhsilin, ölkənin və millətin həyatında həlledici amil olmağını vurğulamaqla yanaşı ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələrin həlli istiqamətində irəliyə doğru atılacaq addımları müəyyənləşdirməkdən ibarətdir.
Ötən tədris ilində rayonda 45 ümumtəhsil məktəbi, o cümlədən 36 tam, 7 ümumi orta, 2 ibtidai məktəb fəaliyyət göstərmişdir. Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Ucar rayonunda da təhsilin inkişafı, xüsusilə onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilmişdir. Son 10 ildə Ucar rayonunda 16 yeni məktəb binası, o cümlədən 2013-cü ildə 220 şagird yerlik Bərgüşad kənd və 180 şagird yerlik Xələc kənd tam orta məktəbləri tikilib istifadəyə verilmişdir.
Yeni tədris ilinə hazırlıq çərçivəsində bu il Qazıqumlaq kənd 2 saylı tam orta məktəbi əsaslı təmir edilmiş, digər məktəblərdə cari təmir işləri aparılmışdır.
Bu gün rayonumuzun 45 ümumtəhsil məktəbində 10447 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 1109 nəfər müəllim məşğul olur.
Dərs ili ərzində Rayon Təhsil Şöbəsinin “Fəaliyyət Planı” na uyğun olaraq rayonun bir sıra ümumtəhsil məktəblərində monitorinqlər keçirilmiş, monitorinqlərin məqsədi yol verilən nöqsanları aradan qaldırmaq və pedaqoji kollektivlərə köməkliklər göstərmək olmuşdur. Monitorinqlər zamanı, həmçinin il ərzində aparılan müşahidələr, statistik məlumatların toplanması ayrı-ayrı məktəblərin reytinqinin müəyyən edilməsi baxımından Şəhər 1, 2 və 4 nömrəli, Qaradağlı, Küçəkənd, Qaracallı kənd 1 nömrəli tam orta, Küçəkənd və Ramal kənd ümumi orta məktəblər öz fəaliyyətlərini mütərəqqi təlim metodları üzərində qurmağa səy göstərmişlər.
Rayon üzrə bu il 1021 nəfər ümumi orta təhsil haqqında Şəhadətnamə, 726 nəfər tam orta təhsil haqqında Attestat almışdır. Məzunlarımızdan Şəhər 1 nömrəli texniki-humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Şəfiyev Fikrət Sənan oğlu Təhsil Nazirliyinin müvafiq əmri ilə “Qızıl medal”-a layiq görülmüşdür. Fikrət Şəfiyev bu il ali məktəbə qəbul imtahanı zamanı 645 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuşdur.
Tam orta təhsil üzrə buraxılış imtahanlarından məzunların bilik keyfiyyətinin nəticəsinə görə Şəhər 1, 2, 3 və 4 nömrəli, Qarabörk, Qaracallı kənd 1 nömrəli tam orta və Küçəkənd kənd tam orta məktəblərinin göstəriciləri rayon səviyyəsindən yüksək olmuşdur.
Bu il tam orta məktəbi bitirən 726 nəfər məzundan 142 nəfəri Respublikanın müxtəlif ali məktəblərinə qəbul olunmuşdur. Bunlardan 4 nəfəri Şəhər 1 nömrəli məktəb-liseyin məzunları Hüseynova Gülnar Elşad qızı - 675, Şəfiyev Fikrət Sənan oğlu 645 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə, Quliyeva Türkan Tofiq qızı 650 ball toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakultəsinə, Şəhər 4 nömrəli tam orta məktəbin məzunu Məmmədova Sona Faiq qızı - 657 ball toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olunmuşdur.
2011-2012-ci dərs ilində attestat alan 869 nəfər məzundan 138 nəfəri ali məktəbə qəbul olunmuşdur ki, bu da attestat alanların 16%-i təşkil edirdi.
Şəhər 1 nömrəli məktəb-liseydə 56%, Şəhər 3 nömrəli tam orta məktəbdə 54%, Şəhər 4 nömrəli tam orta məktəbdə 39%, Şəhər 2 nömrəli tam orta məktəbdə 38% olduğu halda, Bağman kənd tam orta məktəbini bitirən 18 məzundan 1 nəfəri, Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbini bitirən 20 məzundan 1 nəfəri, Lək kənd 2 nömrəli tam orta məktəbi bitirən 19 məzundan 1 nəfəri, Alpout kənd 1 nömrəli tam orta məktəbi bitirən 21 məzundan 1 nəfəri, Pirkənd kənd tam orta məktəbini bitirən 13 məzundan 1 nəfəri, Alpout kənd 2 nömrəli tam orta məktəbi bitirən 13 məzundan 1 nəfəri, Qazyan kənd 2 nömrəli tam orta məktəbini bitirən 24 məzundan 2 nəfərinin ali məktəblərə qəbulu olumuşdur.
Fənn olimpiadalarının rayon turunun 9 nəfər qalibi respublika turunda iştirak etmiş, onlardan 5 nəfəri Şəhər 1 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Şəfiyev Fikrət Sənan oğlu, Şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Salmanov Qurban Xanlar oğlu, Şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdləri Hacılı Fidan Rahib qızı və Hacılı İmran Xeybər oğlu, Qaracallı kənd 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Mahmudov Elton Səməndər oğlu yüksək nəticələr göstərərək olimpiada qalibləri olmuşlar.
Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Respublika Prezidentinin Sərəncamı və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq bu ilin fevral ayında Rayon Təhsil Şöbəsində Tədbirlər Planı tərtib edilmiş və plana uyğun olaraq rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Rayon mərhələsinin qalibi olmuş, Şəhər 5 nömrəli tam orta məktəbin VIII sinif şagirdi İbrahimli Ləman Əhliman qızı Respublika mərhələsində iştirak etmiş və diploma layiq görülmüşdür. Həmçinin 90 illik yubileylə bağlı məktəblilər arasında musiqi, rəsm müsabiqəsi keçirilmişdir. Qarabörk kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Gözəlova Leyla Zinhar qızı Respublika musiqi yarışmasında diploma layiq görülmüşdür.
Görkəmli oftomoloq - alim, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyi ilə əlaqədar “Ana müqəddəsdir” mövzusunda keçirilən inşa müsabiqəsinin rayon turunun qalibi Şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi İsrəfilova Xəyalə Allahverən qızı Respublika turunda həvəsləndirici mükafata layiq görülmüşdür.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı rayon məktəbliləri arasında rəngarəng tədbirlər keçirilmişdir. M. F. Axundzadənin 200 illiyi ilə əlaqədar “Görkəmli ədəbi şəxsiyyət M. F. Axundzadə Azərbaycan dramaturgiyasının banisi kimi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin rayon turunun qalibi Şəhər 1 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Cəfərova Aygün Rafiq qızının yazdığı inşa Respublika mərhələsində qalib olmuşdur.
Artıq 7 ildir ki, rayonumuzun ümumtəhsil məktəb müəllimləri və şagirdləri Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Azərbaycan Neft Şirkəti, Norveç Krallığının Azərbaycandakı Səfirliyinin birgə layihəsi olan SPARE proqramında fəal iştirak edirlər.
Bu dərs ilində həmin müsabiqədə 3 müəllim və bir şagird “Enerji və ətraf mühit” müsabiqəsində fəal iştirak etmiş, müsabiqənin diplom və hədiyyələrini qazanmışlar. Bütün qazanılan uğurla görə SPARE təşkilatı məktəblərimiz üçün zəruri metodik vəsaitlər vermiş, Şəhər 2 nömrəli tam orta məktəbində 2 sinif otağını öz vəsaitləri hesabına əsaslı təmir etmişlər.
Respublikamız müstəqillik qazandıqdan sonra dövlət səviyyəsində gənclərin fiziki hazırlıq və vətənpərvərlik tərbiyəsinə göstərilən diqqət və qayğı daha da artmışdır. Bu baxımdan son on ildə məktəblərimizin “Cəsurlar” və “Şahin” hərbi idman komandaları hər il Respublika mərhələsində iştirak etmiş və yüksək yerlər tutmuşlar. Bu ildə şəhər 1 nömrəli məktəb-liseyin “Cəsurlar” komandası rayon qalibi olmuş, Ağdaş rayonunda keçirilən zona birinciliyində 2-ci yeri tutaraq Respublika turunda müvəffəqiyyətlə iştirak etmişdir. Həmçinin Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin “Şahin” komandası Göyçay şəhərində keçirilən Zona yarışında 1-ci yeri tutaraq Respublika mərhələsinin iştirakçısı olmuşdur.
Keçən dərs ilində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin keçirdiyi “Gənc Xilasedici və yanğın söndürən” yarışında rayonumuzun komandası 14 komanda arasında 4-cü yeri tutmuşdur.
14-15 yaşlılar arasında keçirilən mini futbol yarışmasında Ramal kənd ümumi orta məktəbin komandası Respublika birinciliyinin finalında Naxçıvan komandasına məğlub olaraq Respublika 2-cisi olmuşdur.
İl ərzində məktəblilər arasında silsilə tədbirlər, bilik yarışları keçirilmişdir. Fərəhləndirici haldır ki, keçən dərs ilində Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının Sərəncamı ilə Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəhimov Rafiq Rəhim oğlu “Tərəqqi medalı” ilə təltif edilmiş, həmçinin Prezidentin 06 avqust 2013-cü il Sərəncamı ilə Şəhər 2 nömrəli tam orta məktəb “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi, Əlikənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Əməkdar müəllim Yusubova Afayət Allahverdi qızı “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur.
Respublika Təhsil Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilərək “Ümumi təhsilin konsepsiyası” (Milli kurikulum) sənədi hazırlanmış, Hökümət tərəfindən təsdiq olunmuşdur. Təlimin məzmununa müasir yanaşmaları özündə əks etdirən yeni fənn kurikulumlarının tətbiqi ilə təhsilin keyfiyyətində xeyli müsbət irəliləyişlərə nail olmaq mümkündür. Yeni fənn kurikulumlarında təlim nəticəsinə görə məzmun standartlarının müəyyənləşdirilməsi konkretlik yaradan mühüm amil kimi meydana çıxır, bilavasitə həmin standartların reallaşmasına xidmət edən vacib, ən zəruri bilik və məlumatların verilməsini təmin edir. Fikrimin davamı olaraq bildirirəm ki, keçən dərs ilində və 5-ci siniflər üzrə kurikulum təlimi başa çatdırılmış, 6-cı sinifdə dərs deyəcək müəllimlər üçün hazırda təlimlər həyata keçirilir. Ümumiyyətlə yeni dərs ilinin başlanğıcına qədər 306 nəfər müəllimin təlimlərdə iştirakı nəzərdə tutulmuşdur. Həmçinin keçən dərs ilində 104 nəfər müxtəlif ixtisasdan olan müəllimlər və məktəb rəhbərləri ixtisasartırma kurslarına cəlb edilmişdir.
Tədris prosesində İKT-dən istifadənin özünə məxsus xüsusiyyəti ondadır ki, burada kompüterlər təkcə müəllim əməyini yüngülləşdirən, onu səmərəli edən bir vasitə olmaqla yanaşı həm də öyrənmə obyektidir. Elə bunun nəticəsidir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli, 2664 nömrəli Sərəncamı ilə 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları” ili elan olunmuşdur. Bu sahədə ümumtəhsil məktəblərimizdə də xeyli işlər görülmüş, 23 məktəbimiz internet şəbəkəsinə qoşulmuşdur. Məktəblərimizə ümumilikdə 478 kompüter verilmişdir.
Rayon Təhsil Şöbəsi ayrı-ayrı ixtisaslar üzrə 37 vakant yer müəyyən edərək Təhsil Nazirliyinə göndərmişdir və artıq imtahanlardan müvəffəq bal toplayan 22 gənc müəllim işləmək üçün kəndlərə göndərilmişdir.
Keçən dərs ili ərzində məktəbdənkənar müəssisələrimizdən rayon Şahmat məktəbinin bir sıra yadda qalan uğurları olmuş, şahmatçılarımız Respublika və Beynəlxalq yarışlarda uğurlar qazana bilmişlər.
Dövlət Başçımızın daim diqqət və səyi nəticəsində bütün məktəblilər pulsuz dərsliklərlə təmin olunurlar. Bu ildə bu günə kimi 16 min ədəd yeni dərsliklər gətirilərək məktəblərə çatdırılmış, çatışmayan dərsliklərin də yaxın günlərdə gətirilməsi nəzərdə tutulmuşdur.
Təhsil Şöbəsi hörmətli Nazirimizin 31 may 2013-cü il tarixli, 685 nömrəli əmrinə müvafiq olaraq “Dövlət Hakimiyyəti Orqanlarında idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”nın səmərəliyinin yüksəltmək məqsədilə qəbul otağı ayırmış, vətəndaşların qəbulunu təşkil edən rəhbər işçilərin qəbul günlərini müəyyən edən lövhəni Şöbənin görünən yerindən asılmışdır. Məlumat üçün bildirirəm ki, bu il yuxarı təşkilatlardan Şöbəyə 4 ərizə daxil olmuş, həmçinin rayon daxilindən vətəndaşlardan Şöbəyə 16 ərizə və şikayət daxil olmuşdur. Bütün ərizə və şikayətlər qaydalara uyğun olaraq araşdırılmış və ərizəçiyə vaxtında məlumat verilmişdir. Həmçinin il ərzində 120 nəfər vətəndaşın şifahi qəbulu qeydə alınmış və bu müraciətlərə diqqətlə baxılmışdır.
Rayon Təhsil Şöbəsi il ərzində Təhsil işçiləri Azad Həmkarlar təşkilatı ilə işini birgə qurmuş, işçilərin hüquqlarının qorunması, istirahətlərinin təşkili işinə xüsusi diqqətlə yanaşmışdır. Hesabat ili ərzində 396 nəfər işçiyə maddi yardım göstərilmiş, 14 nəfərə isə müxtəlif sanatoriya, istirahət evlərində müalicə və istirahət etmək üçün yollayış verilmişdir.
2013-2014-cü dərs ilində rayonumuzun 45 ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 1055 nəfər, 10-cu siniflərə 978 nəfər şagirdin qəbul edilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə 2013-2014-cü dərs ilində 10611 nəfər şagirdin təhsil alması planlaşdırılmışdır.
Konfransda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara kompyuter dəstləri və qiymətli hədiyyələr verilmiş, respublika müəllimlərinin qurultayına nümayəndələr seçilmişdir.
Ucar rayon İcra Hakimiyyətinin Başçısı cənab Yaşar Məmmədov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov konfransda iştirak etmişdir.