29-31 oktyabr 2018-ci il tarixlərdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş voleybol (qızlar), atletika və stolüstü tennis idman növləri üzrə yeniyetmələrin Spartakiadası həyata keçirildi
Ucar rayon Gənclər və İdman idarəsi tərəfindən təşkil edilən tədbirin əsas məqsədi yeniyetmələr arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların fiziki cəhətdən sağlam böyümələrinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində idmanın rolunu artırmaqdır.
29 oktyabr 2018-ci il tarixdə Gənclər Mərkəzinin qarşısında Spartakiadanın açılış mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Açılış mərasimində rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov, Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla xanım Abdullayeva, “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov və şəhər 2 nömrəli tam orta məktəbin bədən tərbiyəsi və idman müəllimi Mətləb Eyvazov çıxış etdilər. Açılışda həmçinin Gənclər Mərkəzinin rəqs studiyasının rəqs qrupu öz maraqlı nömrələri ilə çıxış etdilər. Açılış mərasimindən sonra yarışların proqramı elan olundu və püşkatma keçirildi.
Voleybol idman növü üzrə yarışlar şəhər 3 nömrəli tam orta məktəbin idman zalında, yüngül atletika (200 metr məsafəyə qaçış, turnikdə dartınma və uzununa tullanma) üzrə yarışlar Mərkəzi şəhər stadionunda, stolüstü tennis üzrə yarışlar isə Gənclər Mərkəzində keçirildi.
Yarışların yekun nəticəsinə əsasən voleybol üzrə 1-ci yerə şəhər 1 nömrəli məktəb-liseyin komandası, 2-ci yerə Qazyan kənd 3 nömrəli tam orta məktəbin komandası, 3-cü yerə şəhər 2 nömrəli tam orta məktəbin komandası; atletika üzrə 1-ci yerə Əliyev Ramil Bəxtiyar oğlu (şəhər 2 nömrəli), 2-ci yerə Hüseynov Pərvin Rafiq oğlu (Rəstəcə məktəbi), 3-cü yerə Fərzəliyev Kənan Kainat oğlu (Qazıqumlaq 1 nömrəli); stolüstü tennis üzrə 1-ci yerə Cəfərov Hüseyn Həsən oğlu (şəhər 3 nömrəli), 2-ci yerə İbrahimov Cavanşir Əhliman oğlu (şəhər 1 nömrəli), 3-cü yerə Mikayılov Əlisa Səhrab oğlu (Alpout 2 nömrəli) layiq görüldülər. Qaliblər rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif olundular.
Ümumilikdə tədbirdə 16 məktəbin komandası iştirak etdi, 122 nəfər yeniyetmə qüvvəsini sınadı.