Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Azərbaycan ədliyyəsinin 100 illiyi qeyd olunub

22 noyabr 2018 | 16:00

Ucar rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki  abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular.

Dövlət Himni səsləndirildi.

Tədbiri Ucar rayon Məhkəməsinin hakimi Hilal Xəlilov açaraq Azərbaycan ədliyyəsinin 100 illiyi haqqında geniş məlumat verərək qeyd etdi ki, 18 ildir ki, bu əlamətdar günü tarixi hadisə kimi qeyd edən hər bir ədliyyə işçisi peşə bayramını bizə bəxş etdiyi üçün daima ulu öndər Heydər Əliyevə minnətdar olacaqdır. Məhz onun 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə hər il 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi rəsmən qeyd edilir. Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyən edilmişdir. Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyi 1920-ci ildə ölkə işğal edildikdən sonra ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə – ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsaduf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra yenə də, ümummilli lider Heydər Əliyev tərəfindən onun gələcək inkişaf istiqamətləri müəyyən edildi. Ölkənin həm siyasi, həm iqtisadi, həm də hüquq sistemini  uğurla müəyyənləşdirən ulu öndər 1995-ci ildə müstəqil respublikanın əsas qanununun – Konstitusiyanın qəbulunda misilsiz xidmətlər göstərdi. Həmin ildən etibarən Azərbaycan Respublikası demokratik, dünyəvi və hüquqi dövlət olduğunu rəsmən bütün dünyaya elan etdi.

Ucar rayon Prokroru baş ədliyyə müşaviri Elşən Abdullayev, rayon İcra Hakimiyyəti Başçısının müavini Şəhla Abdullayeva, Qarabağ Əlilər Cəmiyyəti və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov çıxış edərək ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik etdilər.

Keçidlər