Ucar rayonunun Qazyan kəndində “Sərhəddən başlanan Vətən” adlı layihə çərçivəsində “Vətənimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib
Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Ucar rayonu Qazyan kənd “Savab” məscidi dini icması “Sərhəddən başlanan Vətən” adlı layihə çərçivəsində “Vətənimizi qoruyaq” mövzusunda Qazyan kənd 1 saylı tam orta məktəbində 10-11 ci sinif şagirdlərinə maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qazyan kənd “Savab” məscidi dini icmasının sədri Əli Həsənov, məscidin imamı Cavid Məmmədov, Qazyan kənd 1 saylı tam orta məktəbin direktoru Ramiz Zeynalov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qazyan kənd 1 saylı tam orta məktəbin direktoru Ramiz Zeynalov belə maarifləndirici tədbirlərin gənc nəslə Vətənə və dövlətə bağlılıq duyğularının daha geniş tərənnümünə yardım edəcəyini bildirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında bildirib ki, Milli-mənəvi dəyərlər sistemində Vətən sevgisi başlıca dəyərlərdəndir. Bu dəyər olmadan hər hansı dövlətin çiçəklənməsi, hətta ayaqda durması mümkün deyil. Ə.Rəfiyev Vətənin müdafiəsi uğrunda çəkilən keşiyin mənəvi dəyərinin son dərəcə yüksək olduğunu qeyd edib.
Ucar rayonu Qazyan kənd “Savab” məscidi dini icmasının sədri Əli Həsənov, və məscidin imamı Cavid Məmmədov öz çıxışlarında Vətən sevgisini təbliğ etməklə hər qəlbin dərinliklərində mövcud olan Vətənə məhəbbəti oytmağın mümkün olduğunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.