Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

21 dekabr 2018 | 16:00

Hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə olunması məqsədi daşıyan tədbirdə rayon ictimaiyyətinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələri üzvləri və Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Ucar rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmiş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb.

Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ucar Rayon İcra Hakimiyyəti başçısının müavini Şəhla Abdullayeva çıxışında Xidmətin həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayıb, vətənpərvərlik tərbiyəsi işində görülən işlərdən danışıb. Bildirib ki, müharibə vəziyyətində olan ölkəmizdə gənc nəslin vətənpərvərlik tərbiyəsi hər zaman prioritet əhəmiyyət daşıyır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov təmsil etdiyi qurumun gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı gördüyü işlər barədə ətrafı məlumat verib. Sonra qurumun fəaliyyət istiqamətləri və elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər diqqətə çatdırılıb. Bildirilib ki, hazırda bu qurum tərəfindən bir neçə istiqamət üzrə elektron xidmətlər göstərilir. Bu xidmətlərdən istifadə etmək üçün www.seferberlik.gov.az internet saytına və ya “Elektron hökumət” portalına müraciət oluna bilər.

“Respublika Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev vurğulayıb ki, cəmiyyətimizin bütün sahələrində fəallıq göstərərək, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması işinə əhəmiyyətli töhfə verən gənclərin hərbi peşəyə marağı ildən-ilə artır. Ali hərbi təhsil almaq istəyən, həmçinin ehtiyata buraxılmış gənclərin müddətdən artıq hərbi xidmətə qəbulla bağlı müraciətlərinin artması cəmiyyətimizdə yüksək hərbi-vətənpərvərlik ruhunun nümunəsidir.

Tədbir çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid Sabir Hüseynovun atası Rza Hüseynova, Qarabağ Müharibəsi əlil Rahib Rəsulova hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə, Ucar şəhər 5 saylı tam ora məktəbin hərbi rəhbəri İntizam Abdullayevə “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi və hərbi-vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə, şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Ramil Əliyevə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnində yüksək nailiyyətlərinə görə diplom təqdim olunub.

Tədbir hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və məktəblilərin hazırladıqları ədəbi-bədii proqramla davam etdirilib.

Keçidlər