Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda da Gənclər günü qeyd edilib

01 fevral 2019 | 16:00

01 fevral 2019-cu il tarixdə YAP Ucar rayon təşkilatının iclas zalında rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə “02 fevral–Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular.

Tədbiri açan rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.

Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bütün dünyaya nümunə olacaq daha bir addım atmış - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Daha sonra qeyd olundu ki, rayon əhalisinin 43639 nəfərini və ya 49,3 faizini, YAP rayon təşkilatı 4010 nəfər üzvünün 1120 nəfərini gənclər təşkil edir. Gənclərimiz rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi sahələrində fəal iştirak etməklə, onlara daim diqqət və qayğı göstərilir.

Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev, Ramal kənd ümumi orta məktəbin müəllimi Firəngiz Şirinova, Rayon İcra hakimiyyəti Başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Kamran Babaşlı, Qarabağ əliləri, şəhid ailələri və veteranlar İctimai Birliyi rayon təşkilatının sədri, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov, rayon Ağsaqqallar şurasının sədri Mirzalı Ağamalıyev və Yuxarı Şilyan kənd sakini Nazir Məmmədov çıxışlarında qeyd etdilər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gəncə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif olundular, YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvülük vəsiqəsi, hədiyyələr təqdim olundu.

Keçidlər