Ucar rayonunda da “5 Mart - Bədən tərbiyəsi və İdman günü” qeyd olunub
5 Mart 2019-cu il tarixdə Gənclər Mərkəzində “5 Mart - Bədən tərbiyəsi və İdman günü” münasibətilə rayon ictimaiyyətinin nümayəndələri, məşqçi-müəllimlər və idmançılarla görüş keçirildi.
Tədbiri açan rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov qeyd etdi ki, bu tarix cənab Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Həmin vaxtdan etibarən idmançıların peşə bayramı ölkəmizdə yüksək səviyyədə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Zaur Abdullayev il ərzində görülmüş işlər barədə məruzə ilə çıxış etdi. Məruzədən sonra ötən dövr ərzində rayonun idman uğurları haqqında hazırlanmış video-çarx auditoriyaya göstərildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Şəhla Abdullayeva, rayon Ağsaqqallar şurasının sədri Mirzalı Ağamalıyev, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov, muaytay-boks idman bölməsinin məşqçi-müəllimi Kamran Mehdizadə çıxışlarında qeyd etdilər ki, ölkəmizdə idmana göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam bir nəslin formalaşmasına xidmət edir. Qonaqlar öz çıxışlarında idmançıları və məşqçi-müəllimləri idman günü münasibətilə təbrik edərək uğurlar arzuladılar.
Tədbirdə rayonun idman həyatında fəal iştirakı ilə fərqlənən bir qrup idmançıya rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanları təqdim olundu, idman gününə həsr olunmuş rayonun idarə, müəssisə və təşkilatları arasında keçirilən futzal üzrə rayon birinciliyində qalib olmuş komandalar təltif olundu.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.