Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 2018-ci ildə sosial-iqtisadi sahədə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı M.H.Məmmədovun hesabat iclası keçirilib

02 mart 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədovun məruzəsində 2018-cı ildə görülmüş işlər ətraflı təhlil edilmişdir.

Qeyd olunmuşdur ki, ölkəmizdə 2018-ci il dərin islahatlar ili olmuş, kənd təsərrüfatında aparılan islahatlar Ucar rayonunda ənənəvi sahələr olan pambıqçılığın və baramaçılığın inkişafına güclü təkan vermişdir. Hesabat ilində 12175,4 kiloqram barama tədarük olunub,36459 ton taxıl, 1712 ton çəltik, 17304 ton tərəvəz istehsal olunmuş, 1705,38 ton pambıq yığılmışdır. Baramaçılığın inkişafı üçün ötən il  150 min ədəd tut tingi əkilmişdir. “Elektron kənd təsərrüfatı” informasiya sisteminin tətbiqinə başlanmışdır.

Rayon ərazisində layihələr əsasında əvvəlki ildə tikintisinə başlanılmış hər iki aqroparkda işlər davam etdirilmiş və müsbət nəticələr əldə olunmuşdur.

Fiziki şəxsə məxsus aqroparkın 2435,0 hektar torpaq sahəsi olmaqla ərazidə 400 başlıq tövlə, inzibati bina, sağımxana, buzovxana, 80 yerlik yeməkxana, 1000 tonluq yem anbarı, 1000 tonluq su anbarı inşa edilmiş, 23 ədəd texnika, 125 baş cins camış düyəsi alınmış, süd emalı üçün binanın tikintisinə başlanılmış, 3,0 km-dən işıq xətti çəkilmiş, 250 kv-luq transformator quraşdırılmış, 43 km-lik R-13 kanalının genişləndirilməsi, 7,5 km-lik əlavə su xəttinin çəkilməsi, 1,5 km yolun bünövrəsinin çınqıl daşlarla hamarlanması, yolun hər iki tərəfinə ağaclar əkilərək yaşıllıq zonasının salınması icra edilmişdir. Ərazidə 1000 hektar buğda sahəsindən 2712,1 ton, 779 hektar arpa sahəsindən 2260,4 ton, 200 hektar pambıq sahəsindən 240 ton, 150 hektar qarğıdalı sahəsindən 300,0 ton, 60 hektar çəltik sahəsindən 135 ton məhsul, 150 hektar yonca sahəsindən 2215 ton ot istehsal edilmişdir.

Cari ilin məhsulu üçün 955 hektar sahədə buğda, 750 hektar sahədə arpa əkilmişdir.

Hazırda aqroparkda camış düyələri bala və süd məhsulu verməyə başlamış, 50 nəfər işlə təmin olunmuş, tam gücü ilə işlədikdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.

Rayon ərazisində 4000 hektar sahəsi olan digər aqroparkın ərazisində 1000 baş xırdabuynuzlu, 120 baş iribuynuzlu mal-qaranın saxlanması üçün müasir tələblərə cavab verən tikililər inşa edilmiş, texnikalar alınmışdır.

Ötən il ərzində 947 hektar buğda sahəsindən 3311 ton, 310 hektar arpa sahəsindən 820,0 ton, 635 hektar pambıq sahəsindən 784,0 ton məhsul istehsal olunmuşdur. Cari ilin məhsulu üçün 1396 hektar sahədə buğda, 1112 hektar sahədə arpa əkilmişdir. Hazırda aqroparkda 60 nəfər işləyir, gələcəkdə 130 nəfərin işləməsi nəzərdə tutulmuşdur.

Rayonda aqrar sektorun əsas sahələrindən olan heyvandarlıqda da nəticələr diqqətə layiqdir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, möhkəm yem bazasının yaradılması, xəstəliklərə qarşı profilaktik tədbirlərin vaxtlı-vaxtında aparılması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2018-ci il tarixli 595 saylı sərəncamı ilə otuz altı min nəfər əhalinin yaşadığı beş yaşayış məntəqəsini birləşdirən 31 km-lik Ucar-Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolunun tikintisi məqsədilə 9,7 milyon manat vəsait ayrılmış və tikinti işləri başa çatdırılmışdır. Yolun salınması həmin ərazidə yaşayan əhali tərəfindən razılıqla və ölkə Prezidentinə minnətdarlıqla qarşılanmışdır.

Mavi qazla normal təminat, su təchizatı, təhsil, səhiyyə, mədəniyyət xidmətləri sahələrində görülən işlər, habelə qarşıda duran vəzifələr də geniş təhlil olunub.

Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Əbil Mehtiyev, rayon Prokuroru Elşən Abdullayev, RİHB-nın Müsüslü kənd inzibati ərazi nümayəndəsi Fuad Bəbirxanov, Bərgüşad bələdiyyəsinin sədri Rauf Şəmsəddinov, sahibkar Ələsgər Qasımov qarşıda duran vəzifələr haqqında çıxış etdilər.

Prezident Administrasiyasının məsul işçisi Qalib Əsgərov çıxış edərək ölkədə qeyri-neft sektorunun inkişafı, xüsusilə kənd təsərrüfatında aparılan islahatlar, bu sahədə Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən danışmışdır.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər