Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart–Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

29 mart 2019 | 16:00

29 mart 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin konfrans zalnda Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə 31 mart–Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Azərbaycanlıların soyqırımını özündə əks etdirən video-çarxa tamaşa etdilər.

Zaman-zaman soyqırımına məruz qalmış bütün soydaşlarımızın  xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq qeyd etdi ki, martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi.

Mart Soyqırımı və ya Mart Hadisələri – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.Dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən Şamaxıda 7 min dinc sakin öldürüldü, 72 kənd dağıdıldı, Quba qəzasının isə 122 kəndi yandırıldı.

Sentyabra qədər davam edən qırğınlar zamanı 50 mindən çox insanın qətlə yetirildiyi bildirilir. Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını aldı. İslam Ordusu 1100 əsgər, 30 zabit qurban verdi. Minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə məhv edildi. Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan 31 mart Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart Fərmanı ilə soyqırım günü kimi qeyd edilir.

Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarix hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.

Elmi-praktik konfransda Xələc kənd tam orta məktəbin direktoru Bəxtiyar Xəlilovun "Erməni  terrorizmi: Tarix  və  həqiqətlər”, şəhər 5 nömrəli tam orta tarix müəllimi Zeynəb Əliyevanın “Qanlı illər: 1905-1907-ci illər”, şəhər 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəna Hüseynovanın “1918-ci ilin mart   soyqrımı və onun mərhələli davamı”, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulovun “1948-ci ildə azərbaycanlıların Ermənistandan departasiyası xalqımızın növbəti faciəsidir”,  Təzə Şilyan kənd  tam orta  məktəbin tarix müəllimi Məhəmməd Ərəbovun “Müsüslü döyüşləri”, Ramal kənd tam orta məktəbin tarix müəllimi Elvin Abdulovun “Ermənilərin azərbaycan xalqına   qarşı   yeni  torpaq iddiaları və növbəti soyqırım siyasəti (1970-ci ildən sonra)” barədə məruzələri və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin keçirdiyi  “Qarabağ həqiqətlərini dünyaya tanıdaq” adlı onlayn müsabiqədə  3-cü yeri tutmuş, Fəxri Diplomla təltif olunmuş şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Aysel Rəsulovanın inşası dinlənilmişdir.

Çıxışlarda müxtəlif dövrlərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırım siyasəti haqqında ətraflı məlumat verilmiş, qanlı hadisələrin təkrarlanmaması üçün gənclərimizin üzərinə böyük vəzifələr düşdüyü, tariximizin dərindən öyrənilib və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal olmaları vurğulanmışdır.

Keçidlər