9 Noyabr - Milli Bayraq Günü
Milli Bayraq Günü Ucar rayonunda silsilə tədbirlərlə qeyd olunub. Bayraq meydanında təşkil olunan tədbirdə xalqımızın zəngin tarixi keçmişindən, dövlətçilik ənənələrindən söz açılıb. Ucar rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov milli dəyərlərimizə, dövlət atributlarımıza göstərilən həssas münasibətdən danışıb. Məlumat verib ki, Azərbaycan ərazisində yaradılmış dövlətlərin özünəməxsus atributları olsa da, bütöv Azərbaycanı ilk Dövlət Bayrağı xalq cümhuriyyətinin dövründə -1918-ci ildə təsis olunub. Türk mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropanın demokratik dəyərlərinin əsas simvolu olan Milli Bayrağımız uzun fasilədən sonra 1990- cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Bayrağı kimi təsdiq olunub. Bir il sonra Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra xalq cümhuriyyətinin bir çox rəmzləri ilə yanaşı üçrəngli Bayrağımızda dövlət atributlarında biri kimi təsis edildi. Ölkəmizin bugünkü inkişafının fonunda Bayrağımız daha möhtəşəm dalğalanır. Prezident İlham Əliyev tərəfindən 9 - noyabr tarixinin Bayraq Günü kimi təsis edilməsinin yeni nəslin vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir etdiyini vurğulayan rayon rəhbəri məlumat verib ki, bu əlamətdar günlə bağlı Ucarda rəsm müsabiqəsi, şahmat birinciliyi, müxtəlif idman yarışları keçirilib. Qaliblər mükafatlandırılıb.
Ucarda Bayraq Gününə həsr olunmuş ümumrayon bayram tədbiri yerli mədəniyyət işçilərinin hazırladıqları bayram konserti ilə davam etdirilib.