Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Lək kəndində səyyarı qəbulu keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 27 iyun 2019-cu il tarixdə rayonun Lək kəndində keçirilmişdir.
Səyyar qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi. Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Prezidentin Fərmanı ilə problemli krediti olan 800 min nəfərdən çox şəxsə dövlət büdcəsindən kompensasiya ödənilib.
Bu günlərdə Prezident İlham Əliyev ölkə əhalisinin rifah halının gücləndirilməsi istiqamətində növbəti addım atdı. Belə ki, ölkə prezidentinin imzaladığı sərəncamlarla minimum əmək haqqı bir daha artırılaraq sentyabrın 1-dən etibarən 180 manatdan 250 manata qaldırıldı. Büdcədən maliyyələşən ayrı-ayrı qurumların işçilərinin vəzifə maaşları orta hesabla 40 faiz artırıldı. Eyni zamanda dövlət ümumi təhsil, həmçinin peşə təhsili müəssisələrində çalışan müəllimlərin əmək haqqı 20 faiz artırıldı.
Cənab Prezident hələ mart ayında sosial paketin tərkib hissəsi olan bir sıra fərman və sərəncamlardan sonra bəyan etmişdi ki, bu addımlar davamlı olacaq. Ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlət büdcəsinə böyük miqdarda əlavə vəsaitlərin daxil olduğunu bildirən ölkə rəhbəri bu artımların bütünlüklə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldiləcəyini elan etmişdi. Göründüyü kimi, 3 ay sonra ölkə prezidenti minimum əmək haqqının əvvəlkindən daha böyük həcmdə artırılmasına dair sərəncam imzaladı. Bunlar son illər ərzində cənab Prezident tərəfindən aparılan düşünülmüş siyasətin nəticəsidir. Bunlar bir daha ölkə rəhbərliyinin yürütdüyü sosial siyasətin əhalinin bütün təbəqələrinin mənafeyinə xidmət etdiyini göstərir.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 4 nəfərin 4 müraciəti dinlənilmişdir.
Kənd sakinlərinin müraciətlərindən 1 nəfər pay torpağına gedən su arxının 600 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfər maddi yardım olunmasına, 1 nəfər Ucar rayonundan Lək kəndinə gələn su kanalının qazılaraq lildən təmizlənməsinə və 1 nəfər Alpout kənd sakinləri Sarı qobu kollektorundan Lək kəndinə gələn suyun qarşısını kəsirlər, Lək kənd sakinlərinin əkin sahələrinin suvarılması üçün həmin sudan istifadə etmələri barədə köməkliklərlə bağlı olmuşdur.
Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkiblər.
Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.