Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.

10 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Aqrar sektora alternativ maliyyə mənbələrinin cəlb edilməsi ilə bağlı təlimlərin keçirilməsi”  layihəsi çərçivəsində növbəti təlim  Sentyabrın 10-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Ucar DAİM-in akt zalında baş tutub.

Təlimdə kənd nümayəndələri, bələdiyyə sədrləri, mühasiblər, fermerlər, aqrar könüllülər, fəal gənclər, KİV və QHT nümayəndələri iştirak etdilər.

Təlimə öz çıxışı ilə başlayan Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Seymur müəllim Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın təsdiq edilməsini təlim iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, bu qaydaya əsasən, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Direktor müavini həmçinin yeni subsidiya qaydaları ilə bağlı geniş məlumat verib, çoxsaylı sualları cavablandırıb.

“Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri Kazım Məmmədov təlim iştirakçılarına layihənin donoru olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tətbiq etdiyi “Səlis” xidmət və İctimai birliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verdi. Təlimin mövzusuna toxunan birlik sədri qeyd etdi ki, Dövlətimizin daimi qayğısı və dəstəyi sayəsində ölkə iqtisadiyyatının mühüm bir sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmişdir. Bu gün kənd təsərrüfatının, xüsusən fermerlərə  subsidiyaların ödənilməsinin elektronlaşdırılması və digər xidmətlərin tətbiqi bu sektorda şəffaflığa və intensiv inkişafa münbit şərait yaratmışdır. O, Aqrar sektorda alternativ maliyyə mənbələri barədə məlumat verərək qeyd etdi ki, alternativ maliyyələşmə aqrar sektorda yeni ideaların reallaşdırılmasına, intensiv inkişafa, məşğulluğun artmasına və kənd təsərrüfatı sektorunun gəncləşməsinə töhfə verəcəkdir. 

Təlim çərçivəsində “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” ətrafında geniş müzakirələr, debatlar oldu. Kənd təsərrüfatı kooperasiyasının inkişafının gələcəkdə, istər məşğulluq baxımından, istər ərzaq təhlükəsizliyi baxımında geniş imkanlar yaradacağı və alternativ maliyyələşdirmə mənbələrinə geniş yol açacağı təlim iştirakçılarının ortaq fikirlərindən idi.

Tədbirdə maraqlı diskussiya, mövzu ilə bağlı maraqlandıran suallar cavablandırıldı, layihənin icrası yollarından  bəhs edən kitabça və bukletlər paylandı. Bütövlükdə tədbir, iştiraçlılar tərəfindən qiymətləndirildi. Təlim çay süfrəsi arxasında müzakirələrlə yekunlaşdı.

Keçidlər