Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarda ötən il sosial-iqtisadi sahələrdə diqqətə layiq nəticələr qazanılmışdır

14 fevral 2014 | 16:00

13 fevral 2014-cü il tarixdə Ucar rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilmişdir.

Yığıncaqda məsələ ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovun hesabat məruzəsi dinlənilmiş, çıxışlar olmuşdur. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası, bölgələrə göstərilən diqqət və qayğı əvvəlki illərdə olduğu kimi keçən il də Ucarda sosial-iqtisadi sahələrdə uğurlu nəticələr qazanmağa, bir sıra yeni infrastruktur layihələrinin reallaşdırılmasına, o cümlədən təhsil, səhiyyə və digər sosial yönümlü obyektlərin tikintisinə, geniş miqyaslı quruculuq və abadlıq işlərinin görülməsinə imkan vermişdir. Ölkə başçısının 2013-cü il 16 sentyabr tarixli Sərəncamı ilə rayon icra hakimiyyətinə ayrılmış 4,7 milyon manat vəsait hesabına 8000 nəfər əhalinin yaşadığı Türkəci, Ə. Məmmədxanlı, Çiyni və Bərgüşad kəndlərini birləşdirən 15 kilometr avtomobil yolu əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Ötən il Ucarda ən böyük layihələrdən olan su-kanalizasiya sisteminin tikintisi işlərinin əhatə dairəsi daha da genişləndirilmiş, artıq bir sıra küçələrə içməli suyun verilməsi təmin edilmişdir. Şəhərin M.Ə. Rəsulzadə küçəsində konserv zavodunun, Alpout kəndi ərazisində Quşçuluq sənaye kompleksinin və sair tikintisi davam etdirilmişdir. Quşçuluq kompleksində artıq emal sexi istifadəyə verilmişdir. Bu il bütünlüklə istismara verilməsi gözlənilən kompleksə 500 nəfər işçi qüvvəsi tələb olunacaqdır.

Ötən il rayonda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorda da diqqətəlayiq nəticələr qazanılmış, bu sahənin dinamik inkişafı ilə əlaqədar xeyli işlər görülmüşdür. Belə ki, Türkmənçay çayı üzərində yeni su nasosu quraşdırılmış, 130 hektar sahənin suvarma suyu ilə təminatındakı problem aradan qaldırılmışdır. Rayon baytarlıq idarəsi üçün yeni bina, Alpout kəndində baytarlıq məntəqəsi tikilib istifadəyə verilmiş və sair.

Məruzə və çıxışlarda cari ildə qarşıda duran vəzifələrdən də ətraflı danışılmışdır. Xüsusilə natiqlər Prezident İlham Əliyevin “Sənaye ili” elan etdiyi 2014-cü ildə iqtisadiyyatın bu sahəsinin inkişaf perspektivlərindən bəhs etmişlər.

Hesabat yığıncağında Prezident Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə Şöbəsinin məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Elton Məmmədov çıxış etmişlər.

Hesabat yığıncağında Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər