Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı regional müşavirə keçirilib

19 dekabr 2019 | 16:00

Ucar Dövlət Aqrar İnkişaf Mərkəzində “Respublikada payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrin yerinə yetirilməsi” mövzusunda regional müşavirə keçirilib. Tədbirdə Ağdam, Ağdaş, Ağcabədi, Ağsu, Bərdə, Füzuli, Göyçay, Göygöl, Şamaxı, Şəmkir, Tərtər, Ucar, Yevlax, Zərdab və Samux rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev rəhbərliyi ilə keçirilən müşavirədə bildirilib ki, 2020-ci ilin məhsulu üçün respublika üzrə 1 milyon hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulur. Dövlət Aqrar İnkişaf Mərkəzlərindən daxil olmuş operativ məlumatlara əsasən, indiyədək ölkə üzrə bu ərazilərin 98 faizində payızlıq taxıl səpini başa çatdırılıb. Qeyd edilib ki, pambıq əkinindən sonra növbəli əkin sisteminin tətbiqi məqsədilə pambıqçılıq rayonlarında az miqdarda qalan sahələrdə səpin qısa müddətdə başa çatdırılacaq.

Tədbirdə dəvət olunan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və mütəxəssisləri  ilə son aylarda ölkə ərazisində müşahidə edilən kəskin quraqlıq və suvarma suyunun çatışmaması nəticəsində taxıl sahələrinin suvarılmasında yaranmış çətinliklərin aradan qaldırılması yolları, əkin sahələrinin fitosanitar vəziyyəti, növbəti mərhələlərdə aparılacaq aqrotexniki tədbirlərin yerinə yetirilməsi üçün pestisid və yemləmə gübrələri ilə təminatın vəziyyəti geniş müzakirə edilmişdir.

Müşavirədə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Yaqub Cəfərov taxıl əkin sahələrinin fitosanitar vəziyyəti və qarşıda duran işlər, taxıl əkinlərində aparılmış monitorinqlər, həyata keçirilən tədbirlər, çətinliklər və onların həlli yolları barədə məlumat verib.  

Tədbirdə qısa müddətdə taxıl sahələrinin suvarılmasının intensivləşdirilməsi məqsədilə təsirli tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub və nəticəsi barədə Nazirliyə müntəzəm məlumatların təqdim olunması qərara alınıb.

Tədbirin sonunda Ucar rayonunun bir neçə kəndində müxtəlif vaxtlarda əkilmiş taxıl sahələrinə baxış keçirilib, müvafiq məsləhətlər verilib.

Keçidlər