Ucar rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 22-ci ildönümü yad edildi
Azərbaycan xalqı tarix boyu çox keşməkeşli hadisələrin şahidi olmuş, gah şanlı qələbələrini qeyd etmiş, gah da məkrli qonşularının əli ilə törənən faciələri yaşamağa məcbur olmuşdur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu.
Adları bəlli olan 613 nəfər azərbaycanlı, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi amansızlıqla məhv edilmişdir. 487 nəfər ömürlük şikəst olmuş, 1275 nəfər girov götürülərək ağlasığmaz işgəncələrə məruz qalmışdır. 150 nəfərin sonrakı taleyi isə naməlum olmuşdur.
Həmin günlər faciədən qurtulmuş Xocalı sakinləri respublikamızın müxtəlif bölgələrinə üz tutmuş, onlar rayonumuza pənah gətirərək rayonun Qazyan və Xələc kəndlərində məskunlaşmışlar.
Hazırda rayonumuzda olan Xocalı ailələrinin sayı 17, onların üzvlərinin sayı isə 53 nəfərdir.
Bu gün Xocalı faciəsi respublikamızın hər yerində, eləcə də dünyanın müxtəlif yerlərində qeyd olunur, faciə qurbanlarının xatirəsi hörmətlə yad edilir.
Dünyanın gözü qarşısında baş verən bu faciəyə hələ də beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri öz prinsipial mövqeyini bidrirməmiş, Azərbaycan dövlətinin faciənin dünya dövlətləri tərəfindən tanıdılması istiqamətində göstərdiyi səylər bir neçə ölkə və Amerika Birləşmiş Ştatlarının bəzi ştatları tərəfindən Xocalı qətliamının soyqırım kimi tanınması ilə nəticələnsə də bunlar hələ azdır və biz bütün dünyanın Xocalı soyqırımını tanıması üçün daha böyük səylə mübarizə aparmalıyıq.
Məlumat üçün bildirim ki, İslam Əməkdaşlıq Təşkilatının bu günlərdə keçirilmiş Parlamentlər İttifaqının 9-cu sessiyasında Xocalı faciəsini soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. Qətnamənin qəbuluna 53 ölkə səs vermişdir.
Bu gün rayonumuzda yaşayan Xocalı ailələrinin nümayəndələri tədbirimizdə iştirak edirlər. Onların hər biri bu faciə nəticəsində özlərinin ən yaxınlarını, doğmalarını itirmişlər. Bizim rayonumuza şəhid anası, şəhid bacısı, şəhid qardaşı, şəhid övladı kimi gəlmişlər. Onlar bizim əzizlərimiz, doğmalarımız, ən hörmətli insanlarımızdır.
Xocalı faciəsi tarixin elə bir səhifəsidir ki, bu səhifə hər bir vaxt oxunacaq, Azərbaycan öz torpaqlarının sahibi olduqdan sonra da əbədi olaraq yad ediləcəkdir.
Rayon İcra Hakimiyyəti tərəfindən rayonda məskunlaşmış 17 Xocalı ailəsinin hər birinə 100,0 manat həcmində pul yardımı edilmiş, rayon ictimaiyyətinin nümayəndələrinin və Xocalıların iştirakı ilə şəhidlərimizin ruhuna ehsan verilmişdir.