Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda dekabrın 29-da məcburi köçkünlər üçün 250 mənzildən ibarət altı bina istifadəyə verilib

29 dekabr 2019 | 16:00

Keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ucar Rayon Icra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, yerli ictimaiyyətin nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

Ölkəmizdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Bu sahədə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il minlərlə məcburi köçkün ailəsi yeni inşa edilən, rahat mənzillərə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqəti sayəsində bu kateqoriyadan olan vətəndaşların sosial problemlərinin,  xüsusən  mənzil-məişət məsələlərinin həlli üçün yol xəritəsi hazırlanıb və icra olunur.

Ucarda yeni istifadəyə verilmiş binalar “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində inşa edilib.

Ucar rayonunda istifadəyə verilən məhəllə ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 109-cu qəsəbədir. Məhəllənin inşası üşün 4,0 hektar torpaq sahəsi ayrılıb, tikinti işlərinə may ayında başlanılıb.  Buradakı binalar beş mərtəbəlidir. Mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-i dördotaqlıdır. 

Məhəllədə 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilib, o cümlədən müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ucar rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri bu məhəlləyə  köçürüləcəklər. 

Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə yaxınlıqda yerləşən “Ucar” yarımstansiyasının Açıq Paylayıcı Qurğularında  yenidənqurma işləri aparılıb, yarımstansiyanın ərazisində 10 kV-luq yeni Qapalı Paylayıcı Qurğu inşa edilib. Bundan başqa, ikidövrəli elektrik verilişi xətti çəkilib, trasformator məntəqəsi tikilib və  2 ədəd güc transformatoru quraşdırılıb, məhəllənin ərazisinin işıqlandırılması təmin edilib.

İçməli su təchizatı üçün yaxınlıqdan keçən mövcud magistral su kəmərindən boru xətti çəkilib, iki (içməli və yanğın əleyhinə) su anbarı, su nasosxanası tikilib, müvafiq şəbəkə yaradılıb. Məhəllədə həmçinin kanalizasiya və suvarma şəbəkəsi, təbii qaz təchizatı sistemi qurulub. İstilik təchizatı üçün mənzillərdə qazla işləyən kombi tipli suqızdırıcılar quraşdırılıb. 220 yerlik məktəb binasının istilik təchizatı üçün qazla işləyən 2 ədəd  və 100 yerlik uşaq baxçasının istilik təchizatı üçün isə 2 ədəd qızdırıcı qazanla təmin edilmiş qazanxana binaları tikilib. Məhəllədəki binaların hər birində videomüşahidə kameraları quraşdırılıb. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, asfalt beton yol-küçə şəbəkəsi salınıb, sanitariya-təmizləmə meydançaları tikilib.

Ucar rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər  yeni ili  yeni mənzillərdə qarşılayacaqlar.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bunun üçün bütün zəruri tədbirləri görür.

Keçidlər