20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” adlı tematik tədbir keçirilib
“20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Rəhbərinin 18 dekabr 2019-cu il tarixli, 161 nömrəli Sərəncamının icrası ilə əlaqədar 17 yanvar 2020-ci il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzinin iclas zalında tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Şəhər 3 saylı tam orta məktəbin hazırladığı 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” adlı tematik tədbirdə şagirdlər öz ifaları ilə bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib.
Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
1990-cı ilin 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Üstündən 30 il ötsə də biz o müdhiş gecəni unutmur, şəhidlərin əziz xatirəsini qəlbimizdə yaşadır, onları ehtiramla yad edirik.
Bu daim belə olacaqdır. Xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildir, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, millətimizin qəhrəmanlarıdır.
Qeyd olundu ki, faciədən bir gün sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, cinayətkarların əməlinə siyasi-hüquqi qiymət verilməsini tələb etdi.
Xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu qanlı aksiya öz siyasi-hüquqi qiymətini aldığı, dünyaya hadisənin əsl mahiyyətinin çatdırıldığı qeyd olunub.