Ucar rayonunda 65 yaşından yuxarı insanlara köməkliklər, dezinfeksiyaedici tədbirlər və insanlar arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir
04 aprel 2020-ci il tarixdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin, poliklinika şöbəsinin, Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin inzibati binaları və 2 ədəd təcili yardım maşını, Beton zavod yaşayış qəsəbəsində yerləşən 4 yaşayış binası, rayonun Quləbənd kəndi ərazisində yerləşən 16 mənzilli yaşayış binası, Oğuz küçəsində yerləşən “Beynəlxalq Bank”ın rayon filialının inzibati binası, Koroğlu küçəsində yaşayış evlərinin ön giriş hissələri, marketlər, xidmət obyektləri Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.
04 aprel 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Yuxarı Şilyan kənd sakini 1953-cü ildə anadan olmuş Məcnunova Xanım Tacəddin qızı yaşadığı evdə ziyarət edilərək problemi ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrəsi götürülmüşdür.
Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.
Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 34 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 28 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.
Rayon ərazisində bəzi yerlərdə karantin qaydalarını pozan 6 nəfər şəxsi nəqliyyat vasitələrinin sürücüləri və 7 nəfər vətəndaş intizama dəvət olunmuş, onlar evlərinə yola salınmışlar. Xüsusi karantin rejiminin tələblərini pozan 10 nəfər inzibati qaydada cərimələnmişlər.
Oğuz küçəsi ərazisindəki dairədə bir qrup vətəndaş arasında mobil qrupun üzvləri tərəfindən izahedici söhbət aparılmış, xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkətləri təmin edilmişdir.
Mobil qruplar mütəmadi şəkildə vətəndaşların evdə qalmaları üçün küçələri gəzərək təbliğat aparırlar. Rayon İcra Hakimiyyətinin Başçısı və digər məsul işçilər də müntəzəm şəkildə mobil qruplarla birlikdə əhali arasında maarifləndici iş aparırlar.
Polis əməkdaşları mütəmadi qaydada küçələri gəzərək səsgücləndiricilər vasitəsilə əhalini qorunmaq üçün evdən çıxmamağa cağırır.
Rayonun giriş-çıxışlarına postlar qurularaq giriş-çıxışlar məhdudlaşdırılmışdır.
Hazırda dövlət orqanları, mobil qruplar əlaqəli iş quraraq xüsusi karantin rejimini təmin edirlər.
#EvdəQal