Ucar rayonunda 65 yaşından yuxarı insanlara köməkliklər və dezinfeksiyaedici tədbirlər gündəlik olaraq davam etdirilir
“Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin 2 ədəd təcili yardım maşını, Rayon Polis şöbəsinin inzibati binası və ərazisi, “SƏC” Ticarət mərkəzinin ərazisində yerləşən obyektlər və ərazisi, Quləbənd kəndi ərazisində və Dədə Qorqud küçəsində yerləşən iki 16 mənzilli yaşayış binaları, Azərbaycan küçəsindəki marketlər, xidmət obyektləri, “Dörd yol” ərazisindəki marketlər və M.Ə.Rəsulzadə küçəsindəki marketlər, 28 May küçəsindəki 1 nömrəli döngə, Şamil Fərzəliyev küçəsindəki çörək sexi, Nəriman Nərimanov küçəsindəki xidmət obyektləri, Oğuz küçəsindəki marketlər və xidmət obyektləri, Dədə Qorqud küçəsindəki və Heydər Əliyev prospektindəki ictimai yaşayış binalarının girişləri və pilləkənləri, rayon ərazisindəki 8 ədəd bankomat Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilmişdir.
Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Qazyan kənd sakini, tənha, 1934-cü ildə anadan olmuş Mehdiyev Sabir Məhəmmədəli oğlu və RİHB-nın Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Türkəci kənd sakini, imkansız, 1955-ci ildə anadan olmuş Qasımova Gülşanə Abdulla qızı yaşadığı evdə ziyarət edilərək problemi ilə maraqlanılmış, pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrəsi götürülmüşdür.
Ucar şəhər sakini, cücə istehsalı müəssisəsinin sahibi Nuriyev Asif Əvəz oğlu tərəfindən son iki gündə rayon mərkəzində, rayonun Alpout və Qazıqumlaq kəndləri ərazisində imkansız ailələrə fərdi təsərrüfatlarında bəsləmək üçün pulsuz olaraq 13 min ədəd cücə paylanmışdır.
Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110 nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və həftə ərzində hər birinə ən azı 4 saat xidmət göstərilir.
Əlavə olaraq rayon şöbəsi tərəfindən hazırda yaşı 65-dən yuxarı olan 35 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir, o cümlədən bu gün 21 nəfərinə xidmət göstərilib.
Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarının icrası ilə bağlı Ucar rayonu ərazisində zəruri tədbirlər həyata keçirilir.
Qərarın 1-ci bəndinə uyğun olaraq 05 aprel 2020-ci il saat 00:00-dan başlayaraq rayon ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmişdir.
Karantin qaydalarını pozan şəxsi nəqliyyat vasitələrinin sürücüləri və digər vətəndaşlar barədə rayon polis şöbəsinin əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülməklə 11 nəfər inzibati qaydada cərimə olunmuşdur.
Hazırda rayon əhalisinin tam əksəriyyəti xüsusi karantin rejimininin tələblərinə əməl edirlər.