Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə Ucar rayonunda bir qrup sahibkara yeni texnika verilmişdir

17 aprel 2014 | 15:00

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq ” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Hollandiyadan və Belçikadan gətirilmiş 157 ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olmuşdur.

Respublikanın 25 rayonundan gəlmiş sahibkarların iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilmişdir. Xüsusilə Almaniya istehsalı olan 50 ədəd “CLAAS”, Hollandiya istehsalı olan 87 ədəd “NEW HOLLAND” və Belçika istehsalı olan 20 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurmuşdur.

Bazada eyni zamanda toxumsəpən, çiləyici, kotan, toxum təmizləyən və digər adda 340 ədəd kənd təsərrüfatı texnikası nümayiş etdirilib.

Nazir Heydər Əsədov təqdimat mərasimində çıxış edərək ölkəmizdə aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından, Cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə başçısının bu sahənin inkişafı istiqamətində qarşıya qoyduğu vəzifələrdən danışmış və qeyd etmişdir ki, yaxın vaxtlarda aqrar sektorla bağlı yeniliklər gözlənilir.

Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar vermişdir. Mərasimdə yerlərdə texnikaya olan təlabatın öyrənilməsinin zəruliyi də vurğulanmışdır. Belə ki, ehtiyac olmayan texnikanın alınıb gətirilməsi yersiz vəsait xərcinə səbəb olardı.

Nazir Heydər Əsədov məhsul istehsalçılarını açıq və səmimi dialoqa çağırıb, ölkə fermerlərinin problem və qayğıları ilə maraqlanıb. Sahibkarlar bu gün otbağlayan texnikaya, xüsusilə yüksək texniki göstəriciləri ilə fərqlənən “Klaas” markalı otbağlayanlara ehtiyacları olduqlarını bildirmişlər.

Bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu bildirilmişdir.

Təqdimatdan sonra sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunmuşdur.

Keçidlər