İşsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası təsdiq edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli 127 saylı Qərarı ilə “Koronavirus(COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir.
Qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir.
Birdəfəlik ödəmə 2020-ci il 1 aprel tarixinə MAS(Məşğulluq altsistemində)-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödəniləcəkdir.
Aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:
-ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
-əmək pensiyaçılarına;
-aylıq müavinət alanlara;
-aylıq təqaüd alanlara;
-özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
-işsizlikdən sığorta ödənişi alanlara;
-peşə hazırlığına görə təqaüd alanlara;
-2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
-əri və ya arvadı sahibkar olanlara(aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara.
Qeyd edək ki, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən(ər və ya arvad) birinə ödəniləcəkdir.
Ucar rayon sakinləri birdəfəlik ödəmənin alınması üçün yalnız elektron qaydada “e-sosial.az” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edə bilərlər.
Əlavə olaraq bildiririk ki, ölkə üzrə işsiz şəxslərin qeydiyyata alınması üçün müraciət qrafiki təsdiq edilmişdir. Qrafikə əsasən Ucar rayonunda qeydiyyatda olan vətəndaşlar birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalına aprel ayının 11-də bir gün ərzində müraciət edə bilərlər.
Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödəniləcək və bu barədə sistemdə qeydiyyata alınmış şəxslərə mobil ismarıc göndəriləcəkdir.
Qeydiyyatla bağlı əlavə suallar yaranacağı halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə və Ucar rayon Məşğulluq idarəsinə 02021-3-17-66 və ucar_dmx@mlspp.gov.az elektorn poçtuna müraciət edə bilərsiniz.