Şriftin ölçüsü :

Saytın rəngi :

17 aprel 2014-cü il tarixdə Ucar rayonunda “Şahin” hərbi-idman oyununun respublika birinciliyinin zona mərhələsi keçirildi.

18 aprel 2014 | 15:00

17 aprel 2014-cü il tarixdə Ucar rayonunda “Şahin” hərbi-idman oyununun respublika birinciliyinin zona mərhələsi keçirildi. Mərkəzi şəhər stadionunda baş tutan zona mərhələsində “Şahin” hərbi-idman oyununun əsasnaməsinə uyğun olaraq 11 komanda – Ağdaş, Ağsu, Kürdəmir, Göyçay, Şamaxı, Qobustan, Qusar, İmişli, Oğuz, Zərdab, İsmayıllı rayonları iştirak etdi.

Tədbir Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimovun çıxışı ilə başlandı, ardınca İcra Hakimiyyəti Başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva və rayon Təhsil şöbəsinin müdiri Fuad İsrafilov çıxış edərək yarış iştirakçılarına uğurlar arzuladılar. Çıxışlardan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və tədbir açıq elan olundu.

“Şahin” hərbi-idman oyununun keçirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin, rayon Polis şöbəsinin, Mərkəzi xəstəxanasının, Təhsil şöbəsinin, Hərbi-vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin Ucar rayon filialının və Gənclər və İdman idarəsinin əməkdaşlarından ibarət hakimlər heyəti təşkil edildi. 8 mərhələdən (Sıra hazırlığı, Darağa patronun doldurulması və boşaldılması, Avtomatın sökülməsi və yığılması, Tüfəngdən hədəfə atəş açmaq, Fiziki hazırlıq, Mülki müdafiə hazırlığı, Maneələrin dəf olunması, Sanitarların yarışı) ibarət “Şahin” hərbi-idman oyununun baş hakimi Gənclər və İdman idarəsinin baş məsləhətçisi Zaur Abdullayev idi.

İlk öncə komandalar Sıra hazırlığı mərhələsində iştirak etdilər sonra isə yarışın digər mərhələlərində qüvvələrini sınadılar. Yarışma bitdikdən sonra münsiflər heyəti xalların hesablanmasına başladılar, iştirakçılar isə nahar fasiləsinə ayrıldılar.

Tədbirin sonunda yarış ərzində ayrı-ayrı mərhələlərdə fərqlənən komandalara fəxri fərmanlar, I, II və III yeri tutmuş komandalara isə diplom və hədiyyələr təqdim olundu. Zona mərhələsində I yerə Göyçay, II yerə Zərdab, III yerə Ağdaş rayonlarının komandaları layiq görüldülər. May ayında Bakı şəhərində keçiriləcək respublika finalına Göyçay və Zərdab komandaları vəsiqə qazandılar.

Keçidlər