Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərilə növbəti videokonfrans keçirib

05 may 2020 | 16:00

Mayın 5-də Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı növbəti videokonfrans keçirib.

Videokonfransda çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atıldığını və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində müsbət meyillərin artdığını vurğulamışdır. İpəkqurdunun yem bazasının  bərpası məqsədilə bir neçə il ərzində rayon ərazisində çoxlu tut tingləri əkilib. Rayonumuza ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən ailələrə paylanılıb. Bu il yüksək məhsul əldə etmək üçün kümçülərə lazımi köməkliklər göstərilməli və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar-Şirvan Təcrübə Stansiyasının əkin sahəsində Azərbaycanda ilk dəfə olaraq Türkiyənin “May 344” pambıq toxumunun sınaq əkini aparılıb. Hər hektarda 45-50 sentner məhsul verən “May 344” pambıq toxumu respublikamıza Aqrar İnnovasiya və Təchizat Şirkəti tərəfindən gətirilib və müxtəlif torpaq tiplərində sınaqdan çıxarılır. Ucar rayonunda sınaq əkini 2 hektar sahədə aparılıb. Sınaq əkini respublikamızda yeni, ilk dəfə istifadə edilən monitorlu çiyidsəpənlə aparılıb. Monitorda səpinin gedişinə, torpağa düşən toxumun miqdarına tam nəzarət olunur. Bu texnika gübrə diskləri ilə təchiz edilib və əkinlə birlikdə sahəyə ammofos gübrəsi də verilib. Ammofos bitkinin boy artımı və məhsuldarlığı üçün çox əhəmiyyətlidir. Səpinin ənənəvi şəkildə aqrotexniki qaydalara uyğun becərilməsi təmin olunacaq. Ötən il Ucarda Çin texnologiyası ilə 10 hektarda pambıq əkilib və hər hektardan 60 sentnerdən çox məhsul götürülüb. Bu il də Ucar-Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası ilə sahələr artırılaraq əkin işləri aparılmışdır.

Mənsur Məmmədov həmçinin qeyd edərək bildirmişdir ki, suvarma suyunun az olmasına səbəb quraqlıqdır. Dağlarda qar qeyri-sabit hava şəraiti səbəbindən hələ ərimədiyindən bölgə çaylarında çaylar susuz qalıb. Yaz tarla işlərinin ən qızğın vaxtında tərəvəz, əkin sahələrinin suvarılması üçün rayonumuzda olan kəndlər növbəlik əsasında suvarma suyu ilə təmin olunurlar. Bir daha suvarma suyundan səmərəli və qənaətli istifadə edilməsi, suyun verilişinə nəzarətin gücləndirilməsi tapşırılmışdır.

Həmçinin M.Məmmədov rayonda yaşı 65-dən yuxarı insanlara, eyni zamanda digər kateqoriyadan olan və tənha yaşayan, sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən köməkliklərin davam etdirilməsini, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasını və bu işdə har hansı bir neqativ halın yolverilməz olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

M.Məmmədov rayon ərazisində aparılan dezinfeksiya işlərinin gücləndirilməsini, bu işdə səylərin artırılmasını və qarşıya çıxa biləcək hər hansı çətinliklər barədə İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargaha məlumatların verilməsini tapşırıb.

Sonda M.Məmmədov onlayn qaydada rayonun şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərinin dinləmiş və yerlərdəki vəziyyət barədə məlumatlar alaraq aidiyyatı üzrə tapşırıqlarını vermişdir.

Keçidlər