Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov icra hakimiyyəti Aparatının məsul əməkdaşlarının iştirakı ilə rayonun şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərilə növbəti videokonfrans keçirib

14 may 2020 | 16:00

Mayın 14-də Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov rayonun şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə vətəndaşlarla videoqəbulların təşkili, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı növbəti videokonfrans keçirib.

Videokonfransda çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2020-ci il tarixli Fərmanı ilə vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə yerlərdə də videoqəbulların təşkili və həyata keçirilməsini diqqətə çatdırıb.

Daha sonra Mənsur Məmmədov dövlət başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslərin cəzalandırılmasının davam etdirilməsindən, respublikamızda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin qətiyyətlə aparılmasından, Dövlət Təhlükəsizlik Xidmətinin ayıq-sayıqlığı nəticəsində korrupsiya, rüşvətxorluq, dövlət əmlakının talanması səbəbindən Mədəniyyət Nazirliyinin yüksək vəzifəli şəxsləri, Ağstafa, Yevlax, Neftçala və Biləsuvar rayonlarının keçmiş icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin vəzifə səlahiyyətlərini aşdıqları barədə həbs qətimkan tədbiri seçilməsini diqqətə çatdırmışdır. Onlar cənab Prezident İlham Əliyevin dünyanı bürüyən COVİD-19 pandemiyasından respublikamızın minimum itkilərlə çıxmasına möhkəm zəmin yaratdığı şəraitdə bu cür mənəviyyata sığışmayan hərəkətlərə yol vermişlər.

Videokonfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışan  Mənsur Məmmədov "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini, Dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Ucar rayonunda da ardıcıl tədbirlər həyata keçirildiyini, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz təsirini göstərdiyini qeyd etmişdir. Son illər rayonda təsərrüfatın bu gəlirli sahəsinə maraq göstərənlərin sayı artmış, artıq bir neçə ildir ki, Ucar rayonunda ipəkqurdu bəslənilir. Bu il yüksək məhsul əldə etmək üçün kümçülərə lazımi köməkliklər göstərilməli və ipəkqurdunun sağlam şəraitdə bəslənilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Həmçinin M.Məmmədov rayonda yaşı 65-dən yuxarı insanlara, eyni zamanda digər kateqoriyadan olan və tənha yaşayan, sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən köməkliklərin davam etdirilməsini, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasını və bu işdə hər hansı bir neqativ halın yolverilməz olduğunu müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

M.Məmmədov rayon ərazisində aparılan dezinfeksiya işlərinin gücləndirilməsini, bu işdə səylərin artırılmasını və qarşıya çıxa biləcək hər hansı çətinliklər barədə İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargaha məlumatların verilməsini tapşırıb.

Sonda M.Məmmədov onlayn qaydada rayonun şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədrlərinin dinləmiş, yerlərdəki vəziyyət barədə məlumatlar alaraq aidiyyatı üzrə tapşırıqlarını vermiş və vətəndaşların onlayn qəbullarının keçirilməsinin davam etdirilməsinin zəruriliyini vurğulamışdır.

Keçidlər